12:47 09-05-2021
news_image
650
FUTBOL

Ən məhsuldar “qocalar” – Hondanın həsəd apardığı siyahı

Azərbaycanda adətən 30 yaşı keçən futbolçu veteran sayılır və tezliklə karyerasını bitirir.

Apasport.az saytının məlumatına görə, dünya futbolunda bəzi oyunçular isə nəinki 30, hətta 35 yaşdan sonra da parlaq çıxış etməyi bacarırlar.

Bu yazıda da Avropanın “böyük beşlik” ölkələrində cari mövsüm komandalarının vurduğu qollarda ən çox yaxından iştirak edən 35 yaşdan yuxarı futbolçular araşdırılıb.

Maraq üçün qeyd edək ki, “Top-5” liqada bu baxımdan zirvədə Robert Levandovskidir. “Bavariya”nın forvardı Bundesliqada 39 qol vurub, 7 məhsuldar ötürmə verib. Onu 28 top, 9 assistlə “Barselona”nın kapitanı Lionel Messi izləyir. 30-dan çox qolda iştirak edən digər oyunçular Harri Keyn (“Tottenhem” – 21 qol, 13 assist) və Kilian Mbappedir (PSJ – 25 qol, 7 assist).

35 yaşdan yuxarılar arasında isə “Yuventus”un hücumçusu Kriştianu Ronaldo ən məhsuldarıdır. Portuqaliyalı superulduz digər “qocalar”ı xeyli qabaqlayır.

Qeyd edək ki, Azərbaycanda qapıçıları nəzərə almasaq, meydan oyunçuları arasında yalnız “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanovun 35 yaşı tamam olub ki, o da cari mövsüm meydan üzü görməyib. Digər ən yaşlı “futbolçumuz” “Neftçi”nin yaponiyalı yarımmüdafiəçisi Keyseuke Honda isə 35 yaşını gələn ay qeyd edəcək. Ancaq ulduz futbolçu martdan formasını geyindiyi “Neftçi”nin heyətində heç də məhsuldar oyun sərgiləmir. Göstəricilərinə görə aşağıdakı siyahıya həsəd aparmalı olan Hondanın aktivində Premyer Liqamızda cəmi 2 qol var.

1. Kriştiano Ronaldo (“Yuventus”, 36 yaş)
30 oyun, 27 qol, 2 assist - 29 qolda iştirak

2. Burak Yılmaz (“Lill”, 36 yaş)
26 oyun, 15 qol, 5 assist - 20 qolda iştirak

3. Zlatan İbrahimoviç (“Milan”, 40 yaş)
15 oyun, 15 qol, 2 assist - 17 qolda iştirak

4. Fabio Kvalyarella (“Sampdoriya”, 38 yaş)
30 oyun, 11 qol, 1 assist - 12 qolda iştirak

5. Alvaro Neqredo (“Kadiz”, 36 yaş)
32 oyun, 7 qol, 4 assist - 11 qolda iştirak