00:05 17-05-2021
news_image
567
FUTBOL

Futbol tarixinin ən uzunmüddətli müqavilələri – “10-luq”

“Barselona” müqavilə müddəti mövsümün sonuna qədər olan kapitanı Lionel Messi ilə ömürlük müqavilə imzalamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Leo da gələcəkdə klub idarəçiliyində olmaq şərtilə bu müddətin minimum 10 illik nəzərdə tutulmasını istəyir.

Bu danışıq futbol tarixində imzalanmış ən uzunmüddətli müqavilələri gündəmə gətirib. Bu yazıda məhz həmin simaları xatırlayacağıq.

Andres İnyesta (“Barselona”)
İspaniyalı yarımmüdafiəçinin “Barselona” ilə son müqaviləsi ömürlük nəzərdə tutulmuşdu. Bu anlaşmadan sonra Andresin karyerasını Kataloniya klubunda bitirəcəyi proqnozlaşdırılırdı. Lakin o, həmin müqavilədən bir il sonra Yaponiya təmsilçisi “Vissel Kobe”yə keçdi.

İker Kasilyas – Raul Qonzales (“Real”)
“Real”ın əfsanəvi qapıçısı deyəndə dərhal ağıla gələn ad Kasilyasdır. Raul isə o dövrdə komandanın bombardiri idi. Hər iki əfsanə 2008-ci ildə ömürlük müqavilə ilə fərqləndi. Raul bundan iki il sonra “kral klubu”ndan ayrıldısa, Kasilyas 2015-ci ilə qədər çərçivəni qorudu.

Denilson (“Betis”)
DÇ-1998-in ulduzlarından olan braziliyalı turnirin ardından “Betis”ə transfer olundu. Klub tarixinin ən bahalı transferi olmaqla yanaşı, 10 illik müqavilə imzalaması da diqqət çəkdi. Denilson sözləşməsinin sonuna qədər qalmasa da, 7 il “Betis”in formasını geyindi.

Lionel Messi (“Barselona”)
Rekordları alt-üst etməkdə davam edən Leo əvvəl də bir dəfə uzunmüddətli müqavilə imzalayıb. Argentinalı 9 illik sözləşmə ilə bu siyahıya düşə bilib.

İnyaki Villiams (“Atletik”)
Hazırda 27 yaşı olan hücumçu 2019-cu ildə “Atletik”lə yeni 9 illik anlaşma əldə etdi. 2028-ci ilə qədər Bilbao təmsilçisinə məxsus olan İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 135 milyon avrodur. Villiamsın hazırkı müqavilə müddəti bitəndə 34 yaşı olacaq.

Saul Nigez (“Atletiko”)
“Atletiko”nun orta sahə oyunçusu da 9 illik sazişə qol çəkib. Onunla belə uzunmüddətli sövdələşməyə getməyin səbəbi kimi, klubun akademiyasından çıxması göstərilib.

Alan Pardyu (“Nyukasl”)
Budəfəki şəxs futbolçu yox, məşqçidir. 2010-cu ildən “Nyukasl”ı çalışdıran Pardyu 2012-ci ildə 8 illik yeni müqavilə bağladı. Lakin ondan sonra cəmi 2 il postunda qala bildi.

Sesk Fabreqas (“Arsenal”)
“Arsenal” “Barselona”nın akademiyasından cəlb etdiyi Fabreqasla 2006-cı ildə yeni 8 illik anlaşma əldə etdi. Lakin 2011-ci ilə qədər “topçular”ın uğurları üçün çalışan yarımmüdafiəçi doğma komandasına qayıtdı.

Harri Maquayr (“Mançester Yunayted”)
Maquayr 2016-cı ildə aşağı səviyyəli oyunçulardan biri sayılırdı. Lakin ardıcıl olaraq “Hall Siti” və “Lester”dəki yüksəlişi sayəsində “Mançester Yunayted”in yolunu tutdu. 87 milyon avroya alınan müdafiəçi “qırmızı şeytanlar”la 6+1 illik saziş imzaladı.

Kepa Arrizabalaqa (“Çelsi”)
Hazırda “Çelsi”də ehtiyatda oturan Kepanın transferi üçün “zadəganlar” az əziyyət çəkməyiblər. London təmsilçisi onu “Atletik”dən 80 milyon avroya almış və 7 illik müqavilə bağlamışdı.