20:12 07-05-2021
news_image

Fəridə Əzizovanın final görüşü keçirilməyəcək - SƏBƏB

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə start verilib. 

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 2 idmançısı dayanq üzərinə çıxıb.

Onlardan Fəridə Əzizova finala yüksəlməklə, Olimpiadada iştirak hüququna yiyələnib. Lisenziyaların sahibləri müəyyənləşdiyindən və son görüşlər ciddi əhəmiyyət kəsb etmədiyindən Avropa Taekvondo Birliyi həlledici qarşılaşmaların keçirilməməsinə qərar verib.  

Qadınlar
49 kq 

Olimpiya mükafatçımız Patimat Abakarova lisenziya yarışına Liana Musteata (Rumıniya) ilə görüşlə başlayıb. Rəqib 11:6 hesabı ilə qələbə qazandığından təmsilçimiz Tokioya yollanmaq şansını ititib. 

67 kq
Fəridə Əzizovanın da ilk rəqibi rumıniyalı olub. Andrea Moçanunu 8:2 hesabı ilə məğlub edən taekvondoçumuz 1/4 finala yüksəlib. Çexiyalı Petra Stolbovaya 11:4 hesabı ilə qalib gələn gələn Əzizova yarımfinala vəsiqə qazanıb. Onun final yolundakı son rəqibi Tatyana Teterevyatnikova (Ukrayna) olub. Təmsilçimiz gərgin keçən görüşün son saniyələrində rəqibini məğlub edib - 7:2. O, bu qələbə ilə həm finala vəsiqə, həm də Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Taekvondoçumuz həlledici görüşdə fransalı Maqda Vit-Enenlə münasibətinə aydınlıq gətirməli olsa da, Avropa Taekvondo Federasiyasının qərarına əsasən qarşılaşma keçirilməyib. 

Qeyd edək ki, yığmamız turnirə 3 idmançı ilə yollanıb. Yarışda sabah Olimpiya çempionumuz Radik İsayev (+80 kq) mübarizəyə qoşulacaq. Milad Beiqi Harçeqani (80 kq) isə artıq Tokio-2020-yə lisenziyaya sahib olub.