09:26 07-05-2021
news_image
153
FUTBOL

“Mançester Yunayted” tarixdə ikinci klub oldu - Kavanidən rekord

“Mançester Yunayted”in hücumçusu Edinson Kavani Avropa Liqasının (AL) tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın forvardı yarımfinal mərhələsində “Roma” önündə bunu bacarıb.

Kolumbiyalı forvard ilk görüşdə olduğu kimi, cavab qarşılaşmasında da dubla imza atıb. 35 yaşlı oyunçu AL-in yarımfinal mərhələsində ən azı 4 dəfə fərqlənən 3-cü futbolçudur. Ondan əvvəl 2011-ci ildə həmyerlisi Radamel Falkao, 2019-cu ildə Pyerr-Emerik Obameyanq bu göstəriciyə nail olub.

Bununla kifayətlənməyən Kavani son 35 ildə bu turnirin yarımfinal mərhələsindəki hər iki görüşdə dubl edən ilk oyunçu kimi tarixə düşüb. Axırıncı dəfə 1985/86 mövsümündə “Köln”ün hücumçusu Klaus Allofs UEFA Kubokunun yarımfinalında “Tsulte-Varegem” önündə ilk görüşdə dubl, cavab qarşılaşmasında het-trik edib.

“Mançester Yunayted” isə qol sayına görə seçilib. İlk matçda 6:2 hesabı ilə qalib gələn, cavab görüşündə isə 2:3 hesabı ilə uduzan “mankunianlar” ümumi nəticədə 8:5 hesablı üstünlüyə malik olub. Bununla “Mançester Yunayted” turnir tarixində 8 və daha çox qol vuran ikinci klubdur. 2000/01 mövsümündə “Alaves” “Kayserslauter”in qapısından 9 top keçirib (5:1, 4:1).

Qeyd edək ki, finala yüksələn “Mançester Yunayted” mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək həlledici qarşılaşmada “Vilyarreal”la üz-üzə gələcək.