00:00 08-05-2021
news_image
580
FUTBOL

İki fərqli klubla ÇL finalında iştirak edən məşqçilər – Qvardiola və Tuxelə qədər

Çempionlar Liqasında (ÇL) finalına yüksələn “Mançester Siti” ilə “Çelsi”nin baş məşqçisi ilk dəfə bu turnirin həlledici matçının iştirakçısı olmayacaq.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola iki dəfə dəfə “Barselona” ilə kuboku qazanıbsa, “zadəganlar”ın baş məşqçisi Tomas Tuxel ötən il PSJ-nın sükanı arxasında finalda məğlub olub.

Qvardiola və Tuxel iki fərqli klubla ÇL-in finalında iştirak edəcək ilk mütəxəssislər deyil. İndiyə qədər onlardan başqa daha 6 çalışdırıcı buna nail olub. Maraqlıdır ki, onlardan 3-ü Tuxelin həmyerliləri – almaniyalı olub.

Yurgen Klopp
Dortmund “Borussiya”sının sükanı arxasında olarkən məşhurlaşan Klopp 2013-cü ildə ilk dəfə ÇL-in finalına qədər komandanı daşıya bildi. 2018-ci ildə bu dəfə “Liverpul”la eyni həyəcanı yaşayan almaniyalı kuboku başı üzərinə qaldırmaq üçün daha bir il gözləməli oldu.

Lui van Qal
Ötən əsrin 90-cı illərinin möhtəşəm “Ayaks”ının memarlarından olan van Qal 1995-ci ildə Niderland klubuna kuboku qazandırdı. Müxtəlif klublarla uğurlar əldə edən təcrübəli mütəxəssis 2010-cu ildə “Bavariya”nı Çempionlar Liqasının finalına apardı. Lakin həlledici qarşılaşmada Joze Mourinyonun “İnter”inə məğlub oldular.

Yukk Haynkes
Haynkes “Real”ın 32 illik ÇL həsrətinə son qoyan şəxsdir. Bu nailiyyətə baxmayaraq, çempionatdakı uğursuzluq onun ayrılmasına səbəb oldu. “Bavariya”nın sükanı arxasında olarkən dünyanın ən yaxşı baş məşqçisi seçilən almaniyalı karyerasının sonlarında turniri ikinci dəfə qalib tamamladı.

Joze Mourinyo
2004-cü ildə sürpriz şəkildə “Porto”ya kuboku qazandıran portuqaliyalı mütəxəssis məhz həmin vaxt məşhurlaşdı. “Çelsi”, “Real” kimi böyük klublarla avrokuboklarda uğurlu nəticələr göstərməsə də, “İnter”lə ikinci zəfərinə qovuşub. O, Milan klubunu 45 ildən sonra qitənin ən güclüsü etdi.

Ottmar Hitsfeld
Hitsfeld eyni ölkənin iki fərqli klubu ilə Çempionlar Liqasında qalib gələn yeganə mütəxəssisdir. 1997-ci ildə Dortmund “Borussiya”sına tarixinin ilk ÇL zəfərini qazandıran almaniyalı məşqçi 4 il sonra bu uğuru “Bavariya” ilə təkrarladı.

Ernst Happel
Happel ÇL tarixində iki fərqli komandanı finala daşıyan ilk baş məşqçidir. Üstəlik, hər iki klub onun öz ölkəsinin təmsilçisi olmayıb. Avstriyalı çalışdırıcı 1970-ci ildə “Feyenoord”a, 1983-cü ildə isə “Hamburq”a bu titulu qazandırıb.