12:46 07-05-2021
news_image
834
FUTBOL

6 müdafiəçisini göndərir – “Keşlə”

Azərbaycan kubokunda finala yüksələn, Premyer Liqada isə sonuncu pillədə qərarlaşan “Keşlə” mövsümün sonu üçün islahat hazırlıqlarına indidən başlayıb.

Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisini yayda tərk edəcək ilk futbolçular bəllidir.

Rəhbərlik artıq 6 oyunçu ilə yollarını ayıracağını qətiləşdirib ki, onlardan yalnız biri əcnəbidir. Monteneqrolu mərkəz müdafiəçisi Miyusko Boyoviçin mövsümün sonuna qədər olan müqavilə müddəti uzadılmayacaq.

“Keşlə”ni tərk edəcəyi dəqiqləşən digər 5 oyunçu da müdafiəçidir. Bunlar Elvin Yunuszadə, Rail Məlikov, İlkin Qırtımov, Elçin Mustafayev və Ruslan Əmircanovdur. Sonuncu karyerasını başa vuraraq, məşqçi kimi klubun aşağı yaş qrupunda fəaliyyət göstərəcək.

Bundan başqa, mövsümün əvvəlində “Neftçi”dən icarəyə götürülən Rəhman Hacıyev də müqavilə ilə məxsus olduğu komandaya qayıdacaq.