10:47 08-05-2021
news_image
614
FUTBOL

“Qara siyahı”sı – “Səbail”in

Biabırçı mövsüm keçirən “Səbail”in “qara siyahı”sı bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi fəaliyyətini davam etdirəcəyi təqdirdə, yola salacağı ilk futbolçuları müəyyənləşdirib.

Premyer Liqanın autsayderlərindən olan Bakı klubunda ilkin mərhələdə 9 nəfərlə yollar ayrılacaq. Yola salınacaq oyunçular arasında ən diqqətçəkəni Kamran Ağayevdir. Uzun fasilədən sonra məhz “Səbail”in futbolçusu kimi yaşıl meydanlara dönən milli komandamızın sabiq qapıçısı çempionatda iştirak etdiyi yeganə qarşılaşmada da qırmızı vərəqə alıb. Heç cür əvvəlki formasını bərpa edə bilməyən 35 yaşlı qolkiperlə yeni müqavilə imzalanmayacaq. Onunla yanaşı, digər qapıçılar Şahin Zəkiyev və Elxan Əhmədov da növbəti mövsümün planlarında yer almır.

Bundan başqa, müdafiəçilər Adil Nağıyev, Kamal Qurbanov, yarımmüdafiəçilər Elçin Rəhimli, Ruslan Hacıyev və hücumçu Mirsayib Abbasovun da yayda “Səbail”i tərk etməsi gözlənilir.

Hələlik “qara siyahı”da olan yeganə əcnəbi futbolçu Florian Kadriudur. Şimali Makedoniyalı yarımmüdafiəçinin mövsümün sonuna qədər olan müqaviləsinin yenilənməsi nəzərdə tutulmayıb.