18:34 08-05-2021
news_image

"Stadniki Tokioda tək qoymayacağım üçün çox xoşbəxtəm" - Manolova

“Üzərimdə çox böyük məsuliyyət var idi. Çünki Dünya Olimpiya Təsnifat turniri sonuncu lisenziya yarışıdır”.

Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan yığmasının güləşçisi Elis Manolova deyib.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirində finalına yüksələn idmançımız Tokio Yay Olimpiya Oyunlarına  lisenziyanı qazanıb. 68 kq çəkidə çıxış edən Elis uğuru barədə fikirlərini Azərbaycan Güləş Federasiyasının saytına açıqlayıb: “Həyəcanlı idim. Bu üzdən ilk görüşdə bir qədər ehtiyatlı güləşdim. Yunan rəqibimi daha çox taktiki güləşlə məğlub etməyə çalışdım. Həm də səhhətimdə bəzi problem vardı. Ona görə də gücümü qorumağa çalışırdım. Argentinadan olan rəqibimlə qarşılaşmada da son hücumu edərək qələbə qazanmağı planlaşdırırdım. Özümü yaxşı hiss etmədiyim üçün çox güc sərf etmək istəmirdim. Ən çətin rəqibim Qazaxıstan güləşçisiydi. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının finalında ona qalib gəlmişdim. Ancaq bu görüş 4 il əvvəl olmuşdu. Bütün gücümü bu 6 dəqiqəyə sərf etməliydim. Lisenziyanı qazanmağı çox istəyirdim. Allaha şükür ki, istəyimə çatdım. Azərbaycana daha bir lisenziya qazandırdığım və yaxın rəfiqəm Mariya Stadniki Tokioda tək qoymayacağım üçün çox xoşbəxtəm. Səhhətimlə bağlı finalda güləşməyəcəyəm”.