10:19 09-05-2021
news_image
934
FUTBOL

“Qarabağ” “Bavariya”nı təqib edə biləcəkmi? - ən uzun seriyalı çempionluqlar

Tarix boyu bir çox klub çıxış etdiyi liqada ardıcıl çempionluqlar qazanıb.

Apasport.az saytının məlumatına görə, hazırda ardıcıl çempionluqları davam etdirənlər arasında ən uzun seriyaya malik komanda “Bavariya”dır.

Bundesliqada sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirən Münhen təmsilçisi uğurlu seriyaları bu mövsüm dayanan “Yuventus”la “Seltik”ə çatıb.

Azərbaycan təmsilçisi “Qarabağ”ın da bu siyahıya düşməsinə çox az qalıb. Son 7 ildə Premyer Liqada qızıl medallara yiyələnən Ağdam təmsilçisi cari mövsümü də zirvədə tamamlayarsa, “Bavariya”nı təqib etməkdə davam edəcək.

Avropada ən uzun liqa çempionluğu seriyasına sahib komandalar:

1-2. “Linkoln” (Cəbəllütariq) - 14 mövsüm
“Linkoln” 2002-03 mövsümündən 2015-16 mövsümünə qədər qızıl medalları heç kimə vermədi. Bu müddətdə komanda ardıcıl 14 dəfə çempion oldu.

1-2. “Skonto” (Latviya) – 14 mövsüm
“Skonto” da ardıcıl çempionluq sayına görə rekordçulardandır. Riqa təmsilçisi 1991-ci ildən 2004-cü ilə qədər Latviyanın bir nömrəsi olmağı bacardı.

3-4. BATE (Belarus) – 13 mövsüm
Borisov klubu 2006-2018-ci illər aralığında düz 13 dəfə ölkə çempionatına hegemonluq etdi.

3-4. “Rusenborq” (Norveç) – 13 mövsüm
“Rusenborq” da 1992-2004-cü illərdə Norveçdə eyni sayda çempionluqla yadda qaldı.

5. “Dinamo”, Zaqreb (Xorvatiya) – 11 mövsüm
Xorvatiya təmsilçisi 2005-06 mövsümündən 2015-16 mövsümünə qədər ölkə çempionatında rəqiblərinə heç bir şans vermədi. Bu da ardıcıl 11 çempionluq deməkdir.

6-8. “Yuventus” (İtaliya) – 9 mövsüm
“Yuventus”un 2011-12 mövsümündən A seriyasında başlayan hegemonluğu 9 mövsüm davam etdi. Turinlilərin ardıcıl çempionluqlarına bu mövsüm “İnter” son qoydu.

6-8. “Seltik” (Şotlandiya) – 9 mövsüm
“Seltik”in də uğurları “Yuventus”la eynidir. Son 9 ildə Şotlandiya çempionatına ağalıq edən komandanın önünü cari mövsüm “Reyncers” kəsdi.

6-8. “Bavariya” (Almaniya) – 9 mövsüm
Almaniya nəhəngi 2012-13 mövsümündən etibarən Bundesliqada çempionluğu heç kimə vermir. Ardıcıl 9-cu dəfə qızıl medala sahib çıxan münhenlilər “Seltik” və “Yuventus”a çatdı. Onlardan fərqli, “Bavariya”nın bu seriyanı davam etdirmək şansı qalır.