13:12 12-05-2021
news_image
271
FUTBOL

11 il sonra – hegemonluqdan əvvəlki kimi

Azərbaycan Premyer Liqasının qalibinin adına son turda aydınlıq gələ bilər.

Apasport.az saytının məlumatına görə, əgər qızıl medalların sahibi iki gün sonra keçiriləcək XXVII turda müəyyənləşməsə, 11 ildə ilk reallaşacaq.

Azərbaycan çempionunun son turda bəlli olmasına sonuncu dəfə 2009/10 mövsümündə təsadüf edilib. Həmin vaxt “İnter” (indiki “Keşlə”) qızıl medallara yiyələnib.

Sonrakı illər hegemonluq dövrü hesab olunur. Öncə “Neftçi” üç mövsümlük dominanta çevrilibsə, ardınca estafeti “Qarabağ” alıb. Bu iki ən titullu klubun hegemonluq etdiyi 10 çempionat ərzində qızıl medalların taleyi heç vaxt son tura qalmayıb.

Düzdür, ötən mövsüm müəyyən istisnadır. Həmin vaxt çempion öncədən bəlli olmayıb. Lakin son tura da qalmayıb. Koronavirus səbəbindən erkən dayandırılan yarışın mükafatçıları sonradan verilən xüsusi qərarla bəlli olub.

Bu dəfə isə 11 illik son tur həsrəti bitməyə yaxındır. Əgər “Neftçi” “Sumqayıt”la görüşdə uduzmasa son tur final xarakteri daşıyacaq. Bakılılar hətta uduzsa da, bu, reallaşa bilər. Amma bunun üçün gərək “Qarabağ” da xal itirsin. 

Ağdamlıların qələbəsi və “Neftçi”nin məğlubiyyəti 11 ildən sonra son tur həyəcanı yaşanmasına əngəl olacaq. Digər variantlarda isə qızıl və gümüş mayın 19-da keçiriləcək liderlərin şəxsi duelinə sahibini tapacaq.

Qeyd edək ki, hazırda “Qarabağ”ın 54, “Neftçi”nin 53 xalı var.