11:05 23-08-2008
news_image
375
STOLÜSTÜ OYUNLAR

XX kateqoriyalı beynəlxalq turnirdə ilk qələbəsini qazanan azərbaycanlı şahmatçı ikinci pilləyə yüksəlib

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turnirində V tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ardıcıl 4 heç-heçədən sonra qələbə qazanıb. Reytinqdə 4-cü olan 23 yaşlı təmsilçimiz qara fiqurlarla Qata Kamskini (ABŞ) məğlub edib. Ukraynalı Ruslan Ponomaryov isə Peter Lekodan (Macarıstan) üstün olub. Vasili İvançuk (Ukrayna) - Vladimir Kramnik (Rusiya), Boris Qelfand (İsrail) - Yevgeni Alekseyev (Rusiya), Aleksandr Morozeviç (Rusiya) - Aleksey Şirov (İspaniya) görüşlərində heç-heçə qeydə alınıb.

Beş oyundan sonra turnir cədvəlinə 3,5 xalla A. Morozeviç başçılıq edir. Qələbə nəticəsində xallarının sayını 3-ə çatdıran Ş. Məmmədyarov 2-ci pilləyə yüksəlib. Yarış iştirakçılar bu gün istirahət edəcəklər. Sabah isə VI turun oyunları keçiriləcək: A. Morozeviç - R.Ponomaryov, A. Şirov - Y.Alekseyev, P.Leko - V. İvançuk, V. Kramnik - Q. Kamski, Ş. Məmmədyarov - B. Qelfand.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış avqustun 27-də başa çatacaq. 29-30 avqustda isə 18 şahmatçının iştirakı ilə blits-turnir təşkil olunacaq.