14:33 13-05-2021
news_image
160
FUTBOL

Futbolçular meydanda boğuldu – gözyaşardıcı qazdan

Libertadores Kubokunun qrup mərhələsində keçirilən “Atletiko Xunior” (Kolumbiya) – “River Pleyt” (Argentina) oyununda xoşagəlməz hadisələr yaşanıb.

Apasport.az saytının məlumatına görə, Barrankilya şəhərində baş tutan 1:1 hesabı ilə nəticələnən matç zamanı “Romelio Martines” stadionunun həndəvərində polislə yerli vətəndaşlar arasında qarşıdurma yaşanıb.

Kolumbiyada islahatlara və polis zorakılığına qarşı etiraz edən kütləni dağıtmaq üçün təhlükəsizlik işçiləri gözyaşardıcı qazdan istifadə edib. Lakin bu, təkcə etirazçılara yox, stadionda futbolçulara və məşqçilərə də təsir edib. Nəticədə onların gözləri yaşarıb, boğulmağa başlayıb və nəfəs almaqda çətinlik çəkiblər.

Həmçinin atəş səsləri də eşidilib. Buna baxmayaraq, hakim görüşün davam etdirilməsini qərara alıb. “River Pleyt” isə 90+2-ci dəqiqədə vurduğu qol sayəsində məğlubiyyətdən qurtulub.

Qeyd edək ki, Amerika Kuboku – 2021 Kolumbiya və Argentinada keçiriləcək. Final qarşılaşmasının məhz Barrankilya şəhərində oynanılması planlaşdırılır.