19:40 14-05-2021
news_image
85
FUTBOL

“Hakimlər Komitəsi qərarlar barədə məlumat versə, işimiz rahat alınar” - Elmar Baxşıyev

“Həm bizim, həm də “Sabah”ın avrokubok iddiası qalmasa da, hər iki komanda pozitiv və şən futbol nümayiş etdirdi”. 

Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “Sabah” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

41 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb: “Sevindirici odur ki, komandamız 0:2 hesabı ilə məğlub durumda olduğu vaxtda da oyun nizam-intizamını qorudu və sonadək mübarizə apardı. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi. Futbol emosiya oyunudur. Bizim və hakimlərin gördüyü epizod fərqli ola bilər. Həmin epizodda mənə də, hamıya da 11 metrlik cərimə zərbəsi olduğu göründü. Hakimlik barədə danışmaq istəmirəm. Biz həftəlik tsikl qurur, rəqibə uyğun hazırlıq prosesi aparırıq. Hakimlər Komitəsi də referinin idarəçiliyini analiz etsə, qaydalardan kənar olsa belə bizə səhv və düzgün qərarlar barədə məlumat versə, işimiz rahat alınar. Ümumilikdə isə bu gün hakim oyunu pozmadı, normal idarə etdi. Arxada qalan 27 turda çox xal itirmişik. Bizim də, hakimlərin də səhvi olub. Bizi düşündürən komandanın oyunudur. Sevindirici odur ki, komanda meydanda nə istədiyini bilir. Oyuna sonradan daxil olan futbolçular komandaya güc qatdılar. Onların oyundan qopmadığı, fayda verməsi sevindiricidir”.