00:34 18-05-2021
news_image
87
FUTBOL

A seriyasındakı 5 möhtəşəm rekordu – Canluici Buffonun

“Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffon mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı qolkiper bir mövsümlük PSJ (2018/19) macərasını nəzərə almasaq, 20 ildir şərəfini qoruduğu “qoca sinyora”dan vidalaşmağa hazırlaşır.

Bu illər ərzində İtaliya millisinin sabiq qapıçısı saysız-hesabsız rekordlar qırıb. Buffonun A seriyası ilə bağlı olan ən dəyərli 5 rekordunu diqqətinizə çatdırırıq.

1. A seriyası tarixində ən çox oyun: 657 matç
Buffon “Milan”ın əfsanəvi kapitanı Paolo Maldininin 647 oyunluq rekordunu yeniləyib.

2. A seiyası tarixində ən uzun müddət qol buraxmamaq: 974 dəqiqə
Qolkiper 38 yaşı olanda – 2016-cı ildə 974 dəqiqə qapısının toxunulmazlığını qorudu. Bununla o, 1993/94 mövsümündə “Milan”ın qapısını qoruyan Sebastiano Rossiyə məxsus 929 dəqiqəlik rekordu geridə qoyub.

3. A seriyası tarixində qol buraxmadan ən çox oyun tamamlamaq: 299 matç
Onun daha bir rekordu 299 görüşdə rəqib hücumlarına keçid verməməsi olub. Bu isə indiki məqamda əlçatmaz rekorddur.

4. A seriyası tarixində bir mövsümdə qol buraxmadan ən çox oyun tamamlamaq: 21 matç
Əfsanəvi qolkiper bu göstəriciyə iki dəfə nail olub. O, 2011/12 və 2015/16 mövsümlərinin 21 qarşılaşmasını quru hesabla bitirib.

5. A seriyası tarixində ən çox kubok qazanmaq: 10 dəfə
Canluici “Yuventus”un forması altında 10 dəfə ölkə çempionatını zirvədə başa vurub. Bu da ən çox A seriyasının qalibi olma rekordunu qırmasına səbəb olub.