22:56 16-05-2021
news_image
104
FUTBOL

Super Liqa çempionluğu qazananlar – “Fiorentina” karyerasından sonra

1926-cı ildə qurulan “Fiorentina” İtaliyanın önəmli komandalarından biri sayılır.

Apasport.az saytının məlumatına görə, son vaxtlar zirvə yarışından uzaq düşən Florensiya təmsilçisinin 2 A seriyası çempionluğu var.

Tarixi ərzində bir çox böyük ulduzlara qapısını açan “bənövşəyilər” Türkiyə çempionatına da çox oyunçu yola salıb. Onlardan da bəziləri “Fiorentina” karyerasından sonrakı dönəmdə Siper Liqada özünü doğruldub, hətta çempionluqlar da qazanıb.

Bu yazıda məhz Türkiyə çempionluğu yaşayan sabiq “Fiorentina”lılara nəzər yetirəcəyik. Təsadüfi deyil ki, cari mövsüm “Beşiktaş”la çempion olan heyətin 2 üzvü florensiyalılarda da çıxış edib.

1. Lefter Küçükandonyadis
“Fənərbaxça”nın marşında adı hallanan, klubun simvollarından olan Lefter Küçükandonyadis Türkiyədə hələ peşəkar liqa yaradılmayanda “Fiorentina”ya keçib. 1951/52 mövsümündə Florensiya klubunda çıxış etdikdən sonra bir mövsüm də “Nitsa”da oynayan Küçükandonyadis 1953-cü ildə “Fənərbaxça”ya qayıdıb. Əfsanəvi futbolçu 1964-cü ildə “sarı-lacivərdlilər”dən ayrılıb. 1959-cu ildə peşəkar liqa yaradıldıqdan sonra 3 çempionluq görüb.

2. Can Bartu
Türkiyənin yetişdirdiyi ən önəmli futbolçular arasında göstərilən Can Bartu İtaliyada oynadığı üçün “sinyor” ləqəbini alıb. O, 1963/64 mövsümündə “Fiorentina”nın formasını geyinib. Daha sonra 3 il “Latsio”nun şərəfini qoruyub. 1967-ci ildə “Fənərbaxça”ya dönüb və 2 dəfə çempionluq sevinci yaşayıb.

3. Felipe Melo
Melo üçün “Fiorentina”nın yeri ayrıdır. Çünki braziliyalı yarımmüdafiəçi məhz florensiyalılardakı çıxışı sayəsində tanınıb və milliyə dəvət alıb. 2011-ci ildə “Yuventus”dan “Qalatasaray”a əvvəlcə icarəyə verilən, sonra birdəfəlik transfer edilən futbolçu 4 mövsümdə 3 dəfə çempion olub.

4. Tomas Uyfaluşi
Uyfaluşi 2004-cü ildə “Hamburq”dan ayrılaraq A seriyasına yüksələn “Fiorentina” ilə anlaşıb. Çexiyalı mərkəz müdafiəçisi orada 4 uğurlu mövsümün ardından “Atletiko”nun yolunu tutub. 2011/12 və 2012/13 mövsümlərində isə “Qalatasaray”ın heyətində Super Liqanı qazanıb.

5. Mario Qomes
Almaniyalı hücumçu “Fiorentina”da ümidləri doğrultmadıqdan sonra “Beşiktaş” üçün Türkiyəyə köçüb. Hətta 2015/16 mövsümündə bombardirliyə yiyələnib və 7 illik çempionluq həsrətinə son qoyulmasında böyük rol oynayıb.

6. Adem Lyayiç
Lyayiç 2010-cu ildə “Fiorentina”ya üz tutmaqla A seriyasında debüt etmək imkanı qazanıb. Serbiyalı daha sonra “Roma”, “İnter” və “Torino”nun formasını geyinib. 2018-ci ildə “Beşiktaş”la anlaşan yarımmüdafiəçi 3-cü mövsümündə çempion olub.

7. Raşid Qezzal
Müqavilə ilə “Lester”ə məxsus olan Qezzal bu mövsüm “Beşiktaş”la icarə əsasında çıxış edir. Məhsuldar ötürmələrlə komandanın çempionluğunda önəmli rol oynayıb. Təsadüfi deyil ki, mövsümün assist “kral”ı olub. 29 yaşlı hücumameyilli futbolçu ötən mövsüm də icarə əsasında “Fiorentina”da çıxış edib.