00:00 18-05-2021
news_image
687
FUTBOL

“Zirə” Kamerun millisinin hücumçusunu istəyir – YALNIZ BİZDƏ

Premyer Liqada son tur öncəsi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Zirə” avrokuboklara vəsiqə qazanacağı təqdirdə, transferlər üçün büdcəsini artıracaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubunun diqqət mərkəzində olan ilk futbolçu artıq bəllidir.

Qəsəbə təmsilçisi Belçikanın “Muskron” komandasının hücumçusu Fabris Olinqanın transferində maraqlıdır. 25 yaşlı forvardın müqavilə müddətinin iyulun 1-nə qədər olması zirəliləri bu keçidə ümidləndirir. Üstəlik, “Muskron” yüksək liqada axırıncı yeri tutaraq aşağı diviziona yuvarlandığından, Kamerun millisinin forvardı oradan ayrılmaq qərarına gəlib. Olinqa bütün təklifləri dəyərləndirdikdən sonra yekun qərarını verəcək.

Əsas mövqeyi sol cinah olsa da, hücumun bütün xətlərində oynamağı bacaran Fabris Olinqa Eto akademiyasının yetirməsidir. İspaniyada “Malaqa, Kiprdə “Apollon”, Belçikada “Zulte-Varegem”, Rumıniyada “Vitorul”un formasını geyinən forvard 2015-ci ildən “Muskron”un şərəfini qoruyur.

Olinqa 2015-ci ildə “Sampdoriya”ya keçsə də, İtaliyada debüt etmək şansı olmayıb. Çünki həmin ilin əvvəlində onu heyətinə qatan “Sampdoriya” dərhal “Vitorul”a icarəyə verib, 6 aydan sonra isə “Muskron”a keçməsinə şərait yaradıb.