17:27 17-05-2021
news_image
512
FUTBOL

“Missiyamız bununla bitmir” – Tahir Gözəl

“Biz uzun illər cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışının ən böyük təbliğatçılarından olmağa çalışmışıq. Ardıcıl 7 il çempion olaraq avrokubokların qrup mərhələsində Qarabağ adını bütün Avropada qürurla daşımışıq”. 

Apasport.az Ağdam təmsilçisinin saytına istinadən məlumat verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Bu gün klubun bazasını ziyarət edən Gözəl Azərbaycan Premyer Liqasında mövsümün son turunun “Neftçi” ilə oyunu ərəfəsində komandaya uğurlar arzulayıb. O, öncə Qarabağın erməni işğalçılardan azad olunması münasibətilə komanda üzvlərini təbrik edib: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində artıq azad Qarabağı təmsil edirik. Bu münasibətlə sizi təbrik edirəm. Qarabağ azad olunduqdan sonra bu ilk görüşümüzdür. İnanıram ki, Qarabağ tezliklə abadlaşdırılacaq. Yerlə yeksan edilmiş şəhərlərimizin yerində yeni tikililər göz oxşayacaq”. 

Gözəl koronavirus pandemiyasının vurduğu ziyandan da bəhs edib: “Digər tərəfdən koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq. Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları kluba təsir etməsin. Ötən mövsüm yarımçıq qaldı. Komandamız 5 aya yaxın futbol oynamadı. Futbolçular istədiyimiz kimi hazırlıq keçə bilmədilər. Üstəlik avrokuboklarda təsnifat mərhələləri cəmi 1 oyundan ibarət idi. Bütün bu çətinliklərə rəğmən, “Qarabağ” qrup mərhələsinə düşməyi bacardı. Özü də Vətən Müharibəsinin 3-cü günündə, çox həssas məqamda böyük zəfər əldə edərək”. 

Klub prezidenti qarşıdakı matçda da futbolçulara inandığını da gizlətməyib: “Anlayırıq ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada hər kəsə duyurmalıyıq. Hər zaman deyirəm ki, mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Hər şəraitdə Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Komandamıza inamım sonsuzdur. 10-15 il bundan əvvəl kimsə “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 7 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək desə, heç kim ona inanmazdı. Amma mən o gün də “Qarabağ”ımıza inanırdım, bu gün də inanıram. Biz "Çelsi", "Tottenhem", "Arsenal" kimi rəqiblərlə qarşılaşdıq, "Atletiko"nu qrupda saxladıq. Bilirəm ki, bu mövsüm də çox çalışmışıq. Son oyun növbəti vacib qarşılaşmamızdır. Mayın 19-da “Neftçi” ilə matçda da lazım olan nəticəni əldə edib, yenidən Azərbaycan çempionu adını qazanacağımıza inanıram”.