00:34 21-05-2021
news_image
214
FUTBOL

Ən çox qolla bombardir olanlar – Bundesliqa tarixində

“Bavariya”nın hücumçusu Robert Levandovski cari mövsüm Bundesliqada vurduğu 40 qolla əfsanəvi qolçu Herd Müllerin rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, polşalının hətta rekordu yeniləmək şansı da var.

Bu yazıda isə Bundesliqa tarixinin ən çox qolla bombardir olan 5 oyunçusuna göz gəzdirəcəyik.

1. Robert Levandovski (2020/21) - 40 qol
Polşalı forvard Bundesliqanın XXXIII turunda “Frayburq”la görüşdə fərqlənərək rekorda şərik olub. Hazırda aktivində 40 top olan Levandovski son turda da qol vurarsa, rekordun tək sahibi olacaq. Həmçinin 6-cı dəfə mövsümü bombardir kimi tamamlayacaq Robert bunu 7 dəfə bacarmış Herd Müllerə də yaxınlaşacaq.

2. Herd Müller (1971/72) - 40 qol
Levandovskiyə qədər rekord 49 il əfsanəvi almaniyalıya məxsus olub. O, 1971/72 mövsümündə vurduğu qolla komandasını çempionluğa daşıyıb.

3. Herd Müller (1969/70) - 38 qol
Müller 1969/70 mövsümündə də 38 dəfə fərqlənib. Bombardirlik yarışında ən yaxın izləyicisini 18 qol üstələsə də, bu, çempionluq üçün kifayət etməyib.

4. Herd Müller (1972/73) - 36 qol
Əfsanəvi forvard rekorda imza atdıqdan bir mövsüm sonra 36 topla “Bavariya”nın Bundesliqa çempionluğunda önəmli rol oynayıb.

5. Diter Müller (1976/77) – 34 qol
Siyahıda “Bavariya” forması geyinməyən yeganə şəxs Diter Müllerdir. O, 1976/77 mövsümünü 34 qolla tamamlayıb.