00:24 19-05-2021
news_image
206
FUTBOL

Premyer Liqada qol vuran qapıçılar – siyahıda Asmir Beqoviç də var

Futbolda qapıçı qol vuran yox, qola mane olan şəxsdir.

Apasport.az saytının məlumatına görə, qolkiper əgər komandanın penalti vuranı deyilsə, karyerasını qol vurmadan tamamlayar.

Təbii ki, son dəqiqələrdə irəli çıxaraq şans sayəsində fərqlənməyibsə. Bu günlərdə keçirilən “Vest Bromviç” – “Liverpul” matçında məhz bu nadir hadisələrdən biri yaşanıb, qonaqların qapıçısı Alisson Beker komandaya 3 xalı gətirən qola imza atıb.

Braziliyalı İngiltərə Premyer Liqasında fərqlənən 6-cı qapıçı kimi tarixə düşüb. Bəs ona qədər kimlər bunu bacarıb?

1. Peter Şmeyxel
“Mançester Yunayted”in əfsanəvi qapıçısı uzun illər “qırmızı şeytanlar”ın formasını geyinsə də, karyerasındakı yeganə qolunu bu komandada vurmayıb. Danimarkalı karyerasının son dönəmini keçirdiyi “Aston Villa”nın heyətində 2001-ci ilin oktyabrında “Everton”u mərkəzə dəvət edib.

2. Bred Fridel
Fridel “Blekbern”də olarkən bunu bacarıb. “Çarlton”a qarşı görüşün sonlarında fərqlənməklə hesabı 2:2-yə çatdıran amerikalı qolkiper əlavə olunmuş dəqiqələrdə rəqibin qələbə qoluna mane ola bilməyib.

3. Pol Robinson
Robinson Premyer Liqa tarixində hücuma atılmadan qol vuran ilk qapıçıdır. “Uotford”la görüşdə cərimə zərbəsi zamanı 87 metrlik məsafədən vurduğu top yerə dəyərək Ben Fosterin başının üstündən keçib və tora daxil olub. Robinsonun komandası “Tottenhem” həmin matçda 3:1 hesablı qələbə qazanıb.

4. Tim Hovard
Hovard 2012-ci il yanvarın 4-də 92 metrlik məfafədən küləyin də köməyi ilə fərqlənib. “Everton” forması geyindiyi dönəmdə bunu bacaran amerikalı “Bolton”dakı həmkarı Adam Boqdana hörmət əlaməti kimi vurduğu qola sevinməyib.

5. Asmir Beqoviç
Sabiq “Qarabağ”lı Premyer Liqada ən tez qol vuran qapıçıdır. Eyni zamanda ən uzaq məsafədən fərqlənməklə Ginnesin Rekordlar Kitabına düşüb. Bosniyalı qolkiper “Stok Siti”də olarkən 90 metrlik məsafədən “Sauthempton” qolkiperi Artur Boruçu cəzalandırıb. Bu qolda külək də Beqoviçə öz köməkliyini göstərib.

6. Alisson Beker
Çempionlar Liqasına vəsiqə verən ilk “dördlük” uğrunda mübarizə aparan “Liverpul”u “Vest Bromviç”lə görüşdə braziliyalı qolkiper xilas edib. Məhz onun son dəqiqədə başla vurduğu qol “qırmızılar”ın ümidini davam etdirdi.