14:10 19-05-2021
news_image
431
FUTBOL

“Çoxları “Neftçi”nin çempionluğunu arzulayır” - Arif Əsədov

“Komandaların bugünkü oyunda şanslarını yarı-yarıya görürəm. Çempionluq yarışında bir balaca “Qarabağ” üstündür, çünki onları heç-heçə də qane edir”.

Bu barədə apasport.az saytına Azərbaycan millisinin məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının son turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununu dəyərləndirərkən deyib.

51 yaşlı mütəxəssis bugünkü qarşılaşmada hər iki komandanın üstün olduğu cəhəti açıqlayıb. Onun fikrincə, “Neftçi” daha istəkli olacaq: “Neftçi” istəkli görünə bilər, hər halda çempionluğu daha çox arzulayır. Amma bu, meydanda əks təsir göstərə bilər. “Qarabağ” rahatdır, elə bir təzyiq hiss etmir. Çünki ardıcıl neçə ildir çempion olur. “Qarabağ”da həm məşqçi, həm də futbolçular daim iddialıdır və təcrübə baxımından üstünlük təşkil edir”.

Əsədov Premyer Liqada həm çempionluq, həm də bürünc mükafat uğrunda mübarizənin son tura qədər davam etməsinin milliyə hansısa müsbət təsirinin olacağına inanmır: “Rəqabət olan yerdə inkişaf da olur. Son tur öncəsi nə qızıl, nə bürünc medalçı, nə də sonuncu yerin sahibi bəllidir. Amma ümumi götürdükdə çempionatın səviyyəsinin yüksək, standartlara uyğun olduğunu deməzdim. Hazırkı mübarizənin milliyə təsiri barədə danışmaq çətindir. Beynəlxalq standartları nəzərə alsaq, çempionat millini gücləndirəcək səviyyədə deyil. Çünki millinin matçlarında həm sürət, həm fiziki baxımdan çətinliklərlə üzləşirik. Beynəlxalq arenada individual bacarıqla deyil, yalnız komanda şəklində nəsə edə bilərik”.

Futbolçu karyerası ərzində hər iki klubun formasını geyinmiş, hətta “Neftçi”yə baş məşqçi kimi çempionluq qazandırmış təcrübəli mütəxəssisə “millinin məşqçisi Arif Əsədovu bir kənara qoysaq, futbol azarkeşi kimi, hansı komandaya azarkeşlik edəcəksiniz” sualını ünvanladıq. Cavabı belə olub: “Millinin məşqçisi kimi tərəf tuta bilmərəm. Hansı güclüdür, o da qalib gəlsin. Hər ikisində oynamışam. Futbolçu karyerama “Neftçi”də başlamışam, orada püxtələşmişəm. Həmçinin məşqçi kimi də bu klubda təcrübə yığmışam. Bu üzdən yığmada işlədiyimi bir kənara qoysaq, “Neftçi”yə simpatiyam olacaq. Ümumiyyətlə, təkcə mən yox, futbol ictimaiyyətinin böyük hissəsi “Neftçi”nin çempionluğunu istəyə bilər. Çünki “Qarabağ” artıq 7 ildir çempion olur. Yenilik, dəyişiklik olması baxımından çoxları “Neftçi”nin çempionluğunu arzulayır. Ancaq layiq olan qalib gəlsin”.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma 20:30-da start götürəcək. Son tur öncəsi “Qarabağ” 57 xalla 1-ci, “Neftçi” isə 56 xalla 2-ci pillədə qərarlaşır.