15:23 19-05-2021
news_image

Uğurlardan doymayan, oğlanları ağladan, medallarını yeşikdə saxlayan - İrina Zaretska

“Mən ən yaxşı olmaq istəyirəm. Həmişə öz lider mövqeyimi qorumaq arzusundayam”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan karateçisi İrina Zaretska deyib.

Dünya çempionumuz Xorvatiyada keçiriləcək Avropa çempionatına səylə hazırlaşır. O, yarışın rəsmi saytına açıqlamasında uğurlardan doymadığını, qatıldığı hər yarışda yüksək hədəflər üçün mübarizə apardığını gizlətməyib.

Ötənilki Avropa çempionatını mükafatsız bitirən, lakin ardınca Premyer Liqa çərçivəsində 13 turnirdə 9 medala yiyələnən İrina əsas hədəfini də açıqlayıb. 6 il öncə milliləşdirilən ukraynalı karateçi reytinq birincisi olduğu 68 kq çəki dərəcəsində Olimpiya çempionluğu arzusundadır: “Bu il Avropa çempionatı və Olimpiadada iki medal qazanmaq istəyirəm. Olimpiya Oyunları karatedə ən böyük səviyyədir. Mən də onun qalibi olmalıyam”.

Tokio Yay Olimpiya Oyunlarına lisenziyası olan Zaretskanın ən yaddaqalan uğurlarından biri uşaqlıq illəri ilə bağlıdır: “3 yaşında bu idman növünə başlayanda karate ilə az sayda qız məşğul olurdu. Bu üzdən oğlanlarla mübarizə aparmalı olurdum. Fəxri kürsünün ən yüksək pilləsində xoşbəxt və təbəssümlə dayanmışdım. Yanımda məyus və ağlayan iki oğlan dayanırdı”.

Saysız-hesabsız mükafatlara sahib karateçinin medalları da iki yerdə saxlanılır: “Dünya və Avropa çempionatları, həmçinin digər beynəlxalq turnirlərdə qazanılan medalları evimdə mükafatlar üçün olan asılqana yığıram. Bu asılqanı həyat yoldaşım düzəldib. Uşaqlıq illərimin digər medallarını isə anam çox böyük və ağır yeşikdə saxlayır”.

İrina Avropa çempionatından əvvəl də Xorvatiyanı ziyarət edib: “Koronavirus pandemiyası üzündən harasa getmək çox çətindir. Amma Zaqrebin milli televiziyasında qonaq olmaq xoşuma gəldi. Bir müddət əvvəl komanda yoldaşlarımızın Poreç şəhərindəki şəkillərini gördüm. Onlara qoşulmağa qərar verdim. Bura çox cəlbedici şəhərdir”.

Yarışlardan öncə şirniyyat yeməyi sevən karateçi koronavirus dövründə turnirlər üçün darıxdığını gizlətmir: “Biz karate üçün çox darıxırıq. Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Bütün dostlarıma uğurlar arzulayıram”.