11:00 20-05-2021
news_image
208
FUTBOL

“Rəhbərliklə danışıqlarım olacaq” – “Neftçi” ilə müqaviləsi bitən hücumçu

“Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ” üzərində qazanılan 1:0 hesablı qələbənin ardından deyib.

26 yaşlı forvard komandasının çempionluğuna münasibət bildirib. O, ikiqat sevinc yaşadığını söyləyib: “Hər il komandama inanmışam. Hər mövsüm deyirdim ki, çempion olacaq gücdəyik. Ancaq nələrsə alınmırdı. Bu mövsüm ikiqat sevindirici oldu. Çünki çempionluğun taleyi son turda həll olundu. Bu mənim ilk çempionluğumdur. İnanıram ki, davamını gətirə biləcəyik”.

Abbasov sonda “Neftçi”də qalmaq istədiyini sözlərinə əlavə edib: “Karyeramı “Neftçi”də davam etdirmək istəyirəm. Rəhbərliklə danışıqlarım olacaq”.

Qeyd edək ki, Mirabdulla Abbasovun “Neftçi” ilə müqavilə müddəti ayın sonuna qədərdir.