13:41 20-05-2021
news_image
176
FUTBOL

“Demək olmaz ki, “Neftçi” çempionluğa layiq deyildi” - Aftandil Hacıyev

“Çempionatın sona çatması münasibətilə hamını təbrik edirəm. Avrokuboklara vəsiqə qazanan və ölkə kubokunun finalına yüksələn komandalara uğurlar arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Klubun Müşahidə Şurasının bu gün baş tutan iclasında postunda saxlanılan çalışdırıcı onlayn mətbuat konfransı keçirib. O, fikrini bu sözlərlə davam etdirib: “Rəhbərliklə bu gün görüşüm oldu. Bu təklif əvvəldən mənə olmuşdu. Növbəti mövsüm əməkdaşlığı davam etdirəcəyimiz yönündə razılaşdıq. Artıq üç ildir işbirliyimiz müəyyən səviyyəyə gətirib çatdırmışıq. Başladığımız işin davamını gətirmək istəyirəm. Çətin və məsuliyyətli iş həvalə olunub. Mənə etimad göstərən rəhbərliyə təşəkkür edirəm”.

- Bu mövsüm komanda maliyyə cəhətdən problemlə üzləşdi. Rəhbərlik növbəti mövsüm bunun olmayacağına dair söz verdimi?
- Hazırda növbəti mövsümlə bağlı bir çox məsələlərin müzakirəsi davam edir. Biz də çalışırıq bu problemlər həllini tapsın ki, növbəti mövsüm stabillik olsun. Rəhbərliklə gələn mövsümlə bağlı bu il yaşadığımız problemlərin olmayacağına dair söhbətlər oldu. Görüşlərə hər zaman ehtiyac var. Bu yöndə görüşlərimiz olacaq.

- Gələcəklə bağlı hansı ümidlər verildi?
- Əsasən akademiyaya diqqət ayrılacaq. Əvəzedici heyətin oyunçularına üstünlük veriləcək. Klub gənc olduğundan, akademiyadan əsas çox oyunçu cəlb etmək tezdir. Biz də digər komandalar kimi akademiyadan istifadə etmək istərdik. Necə ki, “Sumqayıt”, “Qəbələ” kimi klublar akademiyalarından faydalanırlar. Biz də diqqətimizi buna yönəldəcəyik.

- Qarşıdakı mövsümdə legionerlərin sayı azalacaq, yoxsa çoxalacaq?
- Dediyim kimi, müzakirə olunası detallar var. Ümumilikdə legionerlərdən az istifadə edirik. Amma bu, süni şəkildə olmamalıdır. İstəyirik ki, layiqli oyunçular çıxış etsin, yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Daha çox yerlilərə üstünlük veriləcək. Amma bəzi mövqelər var ki, ora yerli tapa bilmirik. Ora da əcnəbi cəlb olunacaq.

- Heyətlə bağlı köklü dəyişiklik gözlənilir və kimlərin gedəcəyi dəqiqdirmi?
- Heyətlə bağlı işlərə hələ başlamamışıq. Heyətin güclənməsinə hər zaman ehtiyac var. Dəyişikliklər olacaq. Bizim istədiyimiz hansısa futbolçu qalmaya da bilər. Kimlərin gedəcəyi ilə bağlı hələ qərar verməmişik.

- Kamran Ağayevin qalıb-getməsi ilə bağlı müzakirə olub?
- Heç bir futbolçu ilə danışıqlara başlamamışıq. Klubla bu gün razılıq əldə etmişik. Digər məsələlərə bundan sonra başlayacağıq.

- Dünən çempionluğu həll edən oyun oldu. Belə sonluq gözləyirdinizmi? “Qarabağ”ın hegemonluğuna son qoyulması digər komandalara necə təsir edə bilər?
- Demək olmaz ki, “Neftçi” çempionluğa layiq deyildi. Mövsümboyu çıxışları buna gətirib çıxardı. Dünən istənilən nəticə qeydə alına bilərdi. Sevindirici haldır ki, çempionluq uğrunda yarışda da intriqa yaranıb. Ümid edirəm ki, digər klubların imkanları genişləndikcə gələcəkdə çempionluğa oynayan komandaların sayı da artacaq. Məncə, güclü olan qalib gəldi.