17:32 20-05-2021
news_image
219
FUTBOL

“Uğurumuzu onlara borcluyuq” - Namiq Ələsgərov

“Sevincimin həddi-hüdudu yoxdur. Möhtəşəm hisslər keçirirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 1:0 hesabı ilə qələbə qazanaraq çempionluq tituluna yiyələnməsini dəyərləndirən milli komandamızın üzvü jurnalistlərə açıqlamasında çətin işi bacardıqlarını söyləyib: “Özümüzə inanırdıq. Komanda yoldaşlarım möhtəşəm idilər. Bütün "Neftçi"sevərlər illərdir bizdən bunu gözləyirdilər. Onların həsrətini sona çatdırdığımız üçün çox sevincliyəm. Son ana kimi vuruşub, alnımızın təri ilə qələbə qazandıq. “Qarabağ” çox güclü rəqibdir. Buna baxmayaraq, biz çempion olduq”.

26 yaşlı forvard 19 qolla Premyer Liqanın bombardiri olmasına da münasibət bildirib: “Bombardir olaraq “Neftçi”nin çempionluğunda pay sahibi olmuşamsa, bununla ancaq fəxr edə bilərəm. Bu uğura görə daha çox xoşbəxtəm. Sevincimdən nə danışacağımı bilmirəm. “Neftçi” böyük futbol ailəsidir. Komandada hər kəs əziyyət çəkərək layiq olduğu qələbəni qazandı. Biz uğurumuzu azarkeşlərimizə borcluyuq. Hər dəfə dərk edirdik ki, arxamızda böyük “Neftçi”sevərlər ordusu var. Bütün uğurlarımızı onlara həsr edirik”.