15:24 21-05-2021
news_image
2639
FUTBOL

“Sumqayıt”ın transfer gündəmindəki 2 hücumçu – YALNIZ BİZDƏ

Premyer Liqada bürünc medal qazanaraq Konfrans Liqasına vəsiqə əldə edən “Sumqayıt” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisinin gündəmində olan daha iki futbolçu müəyyənləşib.

“Kimyaçılar”ın maraq dairəsində olduğu oyunçulardan biri “Maritimu”da çıxış edən hücumçu Əli Əlipurdur. İran millisinin sabiq üzvü ötən ilin yayında “Maritimu”ya keçsə də, bu mövsüm cəmi 2 qol vurub və artıq Portuqaliya klubundan getməsi gözlənilir.

Ayxan Abbasovun komandası avrokuboklara vəsiqə qazandığından, transfer coğrafiyasını genişləndirmək məsələsi də gündəmdədir. Buna rəhbərlik müsbət cavab versə, ilk növbədə hücum xətti gücləndiriləcək. Əgər Əli Əlipurla danışıq alınmasa, o zaman “Boavişta”nın forvardı Yusufa Njie ilə danışıqlara başlanacaq. Qambiya millisinin keçmiş üzvü 2017-ci ildən formasını geyindiyi Portuqaliya klubundan ayrılmağa hazırlaşır. Üstəlik, 27 yaşlı oyunçunun müqavilə müddəti bitdiyi üçün tezliklə azad agent statusuna malik olacaq.

Qeyd edək ki, “Sumqayıt” Lixtenşteyn klubu “Vaduts”un futbolçuları Tunahan Çiçək və Fərhat Sağlamla da maraqlanır.