22:08 21-05-2021
news_image
384
FUTBOL

“Onun işinə qarışa bilmərəm” - Ceyhun Sultanov

“Əsas işim futbolçularla bağlı problemləri, narazılıqları həll etməkdir. Transferlərlə heç bir əlaqəm yoxdur”.

Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin idman direktoru Ceyhun Sultanov deyib.

Mövsümün gedişində “Neftçi”dən ayrılaraq “Keşlə”yə yollanan Sultanov eyni vəzifədə qərar tutsa da, fərqli iş icra etdiyini söyləyib: “Hər bir klubun fərqli strategiyası var. “Neftçi”də idman direktoru komandanı formalaşdırıb, baş məşqçiyə təhvil verirdi. “Keşlə”də heyətin formalaşmasına da, nəticəyə də baş məşqçi cavabdehdir”.

İdman direktoru əlavə edib ki, məşqçilər korpusu istəyərsə, transfer məsələlərində köməklik göstərməyə hazırdır: “Baş məşqçinin seçiminə qarışa bilmərəm. Ona deyə bilmərəm ki, niyə bu futbolçunu götürürsən, o birini yox. Çünki sabah cavab verən şəxs odur. “Neftçi”də isə tam fərqli idi. Əgər dediyiniz məsələ ilə bağlı ehtiyac olarsa, müraciət edərlər. Gərək yoxdursa, öz işimi görməkdə davam edərəm”.