12:59 22-05-2021
news_image
230
TOP OYUNLARI

Avropa çempionatında mərhələ adlamaq istəyir - millimizin kapitanı

“Güclü rəqiblərlə mübarizə aparacağıq. Avropa çempionatının ev sahiblərindən biri, sonuncu çempion – Serbiya ilə eyni qrupda yer almaq həm həyəcanlı, həm də çətin olacaq”. 

Bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib. 

Yığmamızın kapitanı Avropa çempionatının final mərhələsinin püşkü barədə danışıb. O bildirib ki, Belqraddakı püşk millimizi çətin qrupa salıb. 

Abduləzimovanın sözlərinə görə, yer aldığımız A qrupunda Serbiya, Rusiya, Belçika, Fransa və Bosniya və Herseqovina ilə oyunlar gərgin keçəcək. 28 yaşlı blokçu serbləri favorit sayır: “Digər rəqiblərimizdən Fransa ilə mayın 28-də start götürəcək Qızıl Avropa Liqasında qarşılaşacağıq. Bu matçda onların hansı gücdə olduğunu əyani görəcəyik. Çalışacağıq ki, Avropa çempionatında gözəl oyun göstərək və növbəti mərhələyə vəsiqə əldə edək”. 

Abduləzimovanın sözlərinə görə, mayın 28-də Qızıl Avropa Liqasının oyunları komandanın inkişafında böyük rol oynayacaq: “Bu yarışın bizə həm formamızı bərpa etməkdə, həm də hazırlıq baxımından da çox yaxşı kömək olacağını düşünürəm. Çünki, məlum səbəblərdən voleybolçularımızın əksəriyyəti son mövsümdə oynamayıblar, hətta uzun müddət məşqsiz qalıblar. Avropa çempionatına hazırlıq üçün isə bir neçə ayımız var. Öncə qarşımızda olan əsas məqsədimiz Qızıl Avropa Liqasında yaxşı çıxış edib qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməkdir”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə avqustun 18-dən sentyabrın 4-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək.