13:43 24-05-2021
news_image
483
FUTBOL

İddiasızların “at oynatdığı” və ya təsəlli yeri – Azərbaycan kuboku

Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, həlledici görüşdə Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt”la mövsümü medalsız başa vuran “Keşlə” qarşılaşacaq.

Başa çatan son iki mövsümdə kuboku başı üzərinə çempionatın uğursuzu qaldırıb. 2017/18 mövsümündə “Keşlə”, 2018/19 mövsümündə isə “Qəbələ” Premyer Liqada “üçlük”dən kənar qalsa da, titul qazanmağa və bununla da avrokuboklara vəsiqə əldə etməyi bacarıb. 

Əgər “Keşlə” qalib gəlsə, ardıcıl 3-cü dəfə mükafatçılar kuboka həsrət qalacaq. Belə uzunmüddətli seriya indiyədək olmayıb. Ümumilikdə, qalibi bəlli olan 26 turnirdən 13-də kubok çempionatda mükafat qazanmayana nəsib olub.

1992 - “İnşaatçı” (Bakı)
1996/97 - “Kəpəz” (Gəncə)
2000/01 - “Şəfa” (Bakı)
2004/05 - “Bakı”
2005/06 - “Qarabağ” (Ağdam)
2007/08 - “Xəzər-Lənkəran”
2008/09 - “Qarabağ” (Ağdam)
2011/12 - “Bakı”
2013/14 - “Neftçi” (Bakı)
2017/18 - "Keşlə" (Bakı)
2018/19 - "Qəbələ"

“Sumqayıt” bürünc sahiblərinin 22 illik həsrətinə son qoymalıdır. 1999-cu ildən sonra çempionatda 3-cü yeri tutan heç bir komanda kuboka yiyələnməyib. Həmin vaxt buna “Neftçi” nail olub. Ümumiyyətlə isə yalnız üç komanda mövsümü bürünc və kubokla tamamlayıb.
1993/94 - “Kəpəz” (Gəncə)
1994/95 - “Neftçi” (Bakı)
1998/99 - “Neftçi” (Bakı)

Digər 12 halda isə kubok ya çempiona, ya gümüş mükafatçıya nəsib olub. Qızıl medal sahibləri daha çox – 9 uğur qazanıb. “Qızıl dubl”lardan 4-ü “Qarabağ”ın, 3-ü “Neftçi”nin payına düşür. “Kəpəz”lə “Xəzər Lənkəran”ın bir belə nailiyyəti var.

1993 - “Qarabağ” (Ağdam)
1995/96 - “Neftçi” (Bakı)
1997/98 - “Kəpəz” (Gəncə)
2003/04 - “Neftçi” (Bakı)
2006/07 - “Xəzər Lənkəran”
2012/13 - “Neftçi” (Bakı)
2014/15 - “Qarabağ” (Ağdam)
2015/16 - “Qarabağ” (Ağdam)
2016/17 - “Qarabağ” (Ağdam)

Gümüş mükafatçılar isə üç dəfə kubok sahibi olub. Sonuncu belə hadisə 11 il öncə yaşanıb.
1999/2000 - “Kəpəz” (Gəncə)
2009/10 - “Bakı”
2010/11 - “Xəzər Lənkəran”