22:00 24-05-2021
news_image
409
FUTBOL

Zaur Axundov Meza Kollinin "Keşlə"dəki taleyinə aydınlıq gətirdi - MÜSAHİBƏ

Azərbaycan kubokunun bu gün keçirilən final oyununda “Sumqayıt”a qalib gələn Bakının “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, funksioner öncə qarşılaşmadan sonrakı hisslərini açıqlayıb:

- Bu, komandanın ikinci kubokudur. Təbii ki, mən də sevinirəm. Çempionatda uğurlu çıxış etməyib 6-cı olsaq da, kuboku qazandıq. Sevincimiz böyükdür. Bu gün sevinib, sabahdan avrokuboklara hazırlaşacağıq.

- “Keşlə”yə Azərbaycan kubokunun “Sevilya”sı demək olar? İspaniya klubu da Avropa Liqasında daha uğurlu çıxış edir. Bəs siz Avropada da “Sevilya” ola bilərsiz?
- İnşallah. Çalışacağıq ki, Avropadakı builki nəticələrimiz ötənilkindən yaxşı olsun.

- Baş məşqçi Sənan Qurbanovun komandada qalıb-qalmaması bu matçdan asılı idimi? Çünki mətbuatda bu barədə çox yazılırdı...
- Xeyr. Sənan Qurbanovla anlaşmışdıq. Müşahidə Şurası da qərara gəlmişdi ki, gələn mövsüm də Qurbanovla davam edəcəyik.

- Bu qələbə onun yerini daha da möhkəmləndirdi?
- Təbii ki. Bu futboldur.

- Avropada uğurlu çıxış etmək üçün heyətdə dəyişikliklər olacaq?
- Olacaq, çox ciddi olacaq. Siz də bunları görəcəksiniz.

- Heyətin sıfırdan formalaşması mümkündürmü, Sezar Meza Kolli də gedir...
- Bugünkü sevincimiz qurtarandan sonra məşqçi ilə görüşəcəyik. Məşqçilər korpusu hesabat verməlidir. Sonra qərar verəcəyik ki, növbəti mövsümdə necə olsun.

- Mövsümün əvvəlində “Keşlə” çempionluğa da oynaya bilərdi... 
- Biz onları avrokuboklarda kömək üçün gətirmişdik. Heyf ki, uğursuz oldu. İlk mərhələdə vidalaşdıq. Çalışacağıq ki, bu il daha uğurlu olsun.

- Sezar Meza Kollinin “Neftçi”yə gedişi barədə nə deyə bilərsiz?
- Onun getməyini bilmirəm. Mənimlə bu barədə danışmayıblar.

- Getməyinə razılıq verəcəksiniz?
- Məşqçilərlə danışmalıyıq. Çox dəyərli, bizə lazım olan oyunçudur. Amma yenə də qərar məşqçilər korpusuna məxsus olacaq.

- Yəni, hələ getməyib də? 
- Bəli. Mayın 31-dək “Keşlə” klubu ilə müqaviləsi var.