22:13 24-05-2021
news_image
328
FUTBOL

“Sənana dedim ki, kuboka sənin şəklini qoymaq lazımdır” - Ayxan Abbasov

“Çətin dönəmdə mövsümü bitirə bildik. Burada hər kəsin payı var”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun final matçında “Keşlə” ilə keçirilən oyundan sonra deyib.

“Bank Respublika Arena”da baş tutan görüşdə “gənclik şəhəri” təmsilçisi hesabı açmasına baxmayaraq, meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: “Finala bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Üçüncülük təmin olunandan sonra futbolçularda rahatlıq ola bilərdi. Amma bunu meydanda göstərmədilər. Oyunla məğlub olmadıq. Belə olsaydı, təəssüflənərdik. Oyunumuz məni sevindirir. Birinci hissədə mövsümün ən yaxşı matçını göstərdik. Təəssüf ki, kuboku qazana bilmədik. İkinci dəfə finala çıxdıq. Bəlkə də, bu uğurdur. Yenə də kuboku almaq istəyirdik. Mövsümün əvvəlində bizə inananlar, bəlkə də, az idi. Bizi son pillədə görənlər çoxluq təşkil edirdi. Ötən mövsüm koronavirusa görə mövsüm yarımçıq dayandı. İnsanlar deyirdilər ki, çempionat davam etsəydi, “Sumqayıt” yükü qaldıra bilməyəcəkdi. Bu da məni üzürdü. Bu mövsüm bunun təsadüfi olmadığını sübut etdik. Futbolçularıma təşəkkür edirəm ki, özləri haqda səslənən fikirləri dəyişə bildilər. Hətta bizim oyunçuları milliyə də layiq görməyənlər var idi. Bu gün onlar hər şeyə layiq idilər. Onları da, mənimlə gecə-gündüz çalışan məşqçi korpusunu təbrik edirəm. Əla kollektivimiz var idi, bir ailə idik. Bunun da bəhrəsini gördük. Hər kəsə təşəkkür edirəm. Xadimələrimizə, sürücümüzə, meydana baxanlara təşəkkür etməyi özümə borc bilirəm. Maliyyə cəhətdən digər klublardan fərqlənsək də, onlardan geri qalmamağa çalışıram. İnkişaf eləməliyik, hələ çox iş var. Klub olaraq da böyüməliyik. Hər il heyəti qoruya bilmirik. Sabah nə olacağı da bilinmir. 1-2 gün dincəldikdən sonra qarşıdakı mövsüm uğurlu çıxış etməık istəyiriksə, düzgün addımlar atmalıyıq. “Keşlə”ni də təbrik edir, avrokuboklarda uğurlar arzulayıram. Rəhbərliyə, sponsorlarımıza təşəkkür edirəm. Ümid edirəm ki, onlar da fikirləşib, düzgün qərarlar verəcəklər”.

- Builki heyəti qorumaq yönündə hansısa addımlar atılırmı?
- Hələ heç bir futbolçu ilə müqavilə bağlamamışıq. Öz müqaviləmiz də bitir. Futbolçulara da təkliflər var. Rəhbərliklə görüşdükdən sonra bu suallara cavab verə bilərəm. İlk istəyim heyətimizi qorumaq olacaq. Bir məşqçi kimi üç ildir çətinlik çəkirəm. Çünki oyunçularımız dəyişir.

- Komandanız bu gün baxımlı oyun göstərdi. Bu da ətrafdakılara həyəcan yaratdı. Son oyunun ardından kimlərin qalıb, kimlərin gedəcəyini müəyyənləşdirə bildinizmi?
- Əlbəttə ki, məşqçinin planı olmalıdır. Qalib gəlsəydik belə, planımda bir fərq yoxdur. Komandada qalmasını istədiyim oyunçular var. Bəzi mövqelərdə mövsüm ərzində əziyyət çəkdik. Rəqabət olmasını istəyirəm. Rəqabəti də gənclərlə edirik. Bu gün onlara şans verdim ki, finalın həyəcanını hiss etsinlər. Bir məşqçi kimi, hər şey hazırdır. Oyunun nəticəsi fikrimi dəyişmir. Rəhbərliklə görüşüm olacaq. Rəhbərlikdən çox şey asılıdır. Bir məşqçi kimi inkişaf etmək, irəli getmək istəyirəm.

- Bu gün məğlubiyyətə rəğmən təmkinli və gülərüzsünüz...
- Oyundan sonra bəzilərində göz yaşları var idi. Amma dedim ki, bu il başıuca gəzməyə haqqımız var. Avrokuboklara vəsiqə qazanmışıq. Belə oyunlarda başıaşağı olsaq, gələcək üçün həyəcan olar. İçimdə sarsıntı var, amma bunu futbolçularıma büruzə vermədim. Demişdim ki, ilk dəqiqələrdən qol vurmaq istəmirik. Bu qolla rəqibi motivasiya edə bilərdik. Amma baxımlı oyunu davam etdirdik. 2, 3-cü qolu vura bilərdik. Amma mövsümün yorğunluğu hiss olundu. Ən qorxduğumuz standart vəziyyətdən qol buraxmaq idi, o da oldu.

- Çempionatdakı bürüncü kuboku qazanmağa qurban verərdiniz?
- Yalan deyərəm. Çempionatda çox əziyyət çəkmişik. Kubokda da “Qarabağ”ı üstələmişdik.

- Hər iki finalda eyni məşqçiyə uduzdunuz. Bu necə hissdir?
- Gərək Sənana qarşı hazırlaşım. Sənana dedim ki, kuboka sənin şəklini qoymaq lazımdır. Sübut olundu ki, Azərbaycan çempionatında hər kəs baş çıxara bilməz. Bir komandanı finala gətirib kuboku qazanırsansa, bu, məşqçi işidir.