22:38 24-05-2021
news_image
289
FUTBOL

Riad Rəfiyev: “Kimsə deyə bilməz ki, “Sumqayıt” buna layiq deyildi” - MÜSAHİBƏ

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Azərbaycan kubokunun “Keşlə” ilə final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri 1:2 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb.

- Kubokun finalında məğlub oldunuz. Üzücü məqamdır. Hisslərinizi bilmək istəyərdik.
- Əlbəttə, üzücü məqamdır. Udmaq istəyirdik. Yaxşı mövsüm keçirdik. Çempionatı 3-cü pillədə bitirdik. Kubokda finala çıxdıq. Çətin yol keçdik. Yarımfinalda “Qarabağ”ı adladıq. Bu qədər çətinlikdən sonra istəyirdik ki, kuboku başımız üzərinə qaldıraq. Qismət, alınmadı. İnşallah, gələn il alınar.

- İli “Sumqayıt” üçün uğurlu hesab edirsiz?
- Düşünürəm ki, bizim üçün birmənalı şəkildə uğurlu il oldu. Komanda mövsümü 3-cü pillədə bitirdi. Avrokuboklara vəsiqə qazandı. Ölkə kubokunda final oynadı. Kuboku qaldırmağa da yaxın idik. “Qarabağ” kimi rəqibi yarımfinalda keçdi. Milli komandaya xeyli sayda futbolçu verdik. Təkcə A milli deyil, bütün komandaları deyirəm. Əlbəttə, yaxşı mövsüm alındı. Düşünürəm ki, oyunumuzla bunu mövsümboyu haqq etmişdik. Kimsə deyə bilməz ki, “Sumqayıt” buna layiq deyildi.

- Bu gün “Sumqayıt” ilk yarıda yaxşı mübarizə apardı. Amma ikinci hissədə sanki məğlubiyyətlə erkən barışdı. Bu barədə nə deyə bilərsiz? 
- Deməzdim ki, erkən barışdı. Sadəcə, bəzən olur ki, hər şey istədiyimiz kimi alınmır. Biz də udmaq istəyirdik. Son dəqiqələrdə hücumçumuzun zərbəsi qapı tirindən qayıtdı. Futboldur, belə şeylər olur. Əlbəttə, udmaq istəyirdik. “Keşlə”ni, rəhbərliyini, Zaur Axundovu təbrik edirəm. Yaxşı komanda qurdu. Sonda niyyətlərinə çatdılar.

- Az qüvvə ilə bu qədər uğurlu çıxış etməyin səbəbi nədir?
- Bir, iki yox, çox səbəblər var. Ən aşağıdan gördüyümüz işlərdir. Onları sadalasaq, gərək yarım saat oturub müsahibə verək. Amma yenə deyirəm ki, yəqin düzgün iş qurmuşuq. Bu komanda ilə, yerli uşaqlarla gəlib bu yerlərə çatmışıq.

- Ötən mövsüm də avrokuboklara vəsiqə qazandınız. Lakin maliyyə çətinlikləri yaşadınız və özünüzü göstərə bilmədiniz. Bu mövsümdə də eyni hal yaşanacaq? Avrokuboklar öncəsi maliyyə problemi olmayacaq ki?
- Yox, inşallah belə şey gözlənilmir. Sağ olsun partnyorlarımız, dostlarımız, sponsorlarımız. Komandaya tam olaraq dəstək verirlər. Onlara da minnətdarlığımı çatdırmaq istəyirəm.

- Hər il heyətdə çox dəyişikliklər olur. Heyəti qoruyub saxlaya biləcəksizmi?
- Çox dəyişikliklərin olmasının səbəbi apardığımız düzgün seleksiyadır. Biz düzgün seleksiya aparırıq ki, bizim futbolçulara kifayət qədər böyük tələbat var. Çalışacağıq ki, yolumuza bu oyunçularla davam edək.

- Avrokuboklarda iddianız nədir?
- Ötən mövsüm avrokuboklara gec toparlandıq. Komandanı gec yığdıq. Səbəblər var idi. Bu il hər şey qaydasındadır. Çalışacağıq ki, avrokuboklarda mümkün qədər uzağa gedək.