00:00 25-05-2021
news_image
2404
FUTBOL

Ramin Musayev: “Riada demişdim ki, uşaqları çox yorma, onsuz “Keşlə” qalib gələcək” - MÜSAHİBƏ

PFL-in prezidenti Ramin Musayev Azərbaycan kubokunun final - "Keşlə" - "Sumqayıt" oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, o, mövsümün yekunu barədə danışaraq, gələcək planları açıqlayıb. 

- Azərbaycan kuboku ilə mövsüm başa çatdı. Yekunla bağlı nə deyə bilərsiz?
- Ötən il koronavirus pandemiyası ilə bağlı mövsüm yarımçıq başa çatdırıldı. Amma bu dəfə futbol ili tam yekunlaşdı. Deyərdim ki, layiqli komandalar layiqli yerlərə nail oldular. Onların hər birinə uğurlar arzulayırıq. İlk növbədə püşkatmada bəxtləri gətirsin. Düşünürəm ki, komandalarımız bu il bizi sevindirərlər.
 
- Premyer Liqada və ölkə kubokunda sürpriz qalib oldumu?
- Hər iki yarışda oynayan komandalardan soruşsaz, deyərlər ki, mənim üçün sürpriz deyildi. Hətta dünən “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə də demişdim ki, uşaqları çox yorma, onsuz “Keşlə” qalib gələcək. 

- Bu əminlik haradan idi?
- Bilmirəm. Premyer Liqanın son turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” oyununda da demişdim ki, birincilər qalib olacaq. 

- Onu sabiq “Neftçi”li olaraq demişdiz?
- Yox. Qurban Qurbanova da hörmətim böyükdür, “Qarabağ”a da. Sadəcə intuisiyam elə deyirdi. Mən həmişə demişəm, bu gün də deyirəm ki, hər kəsin qəlbində bir komanda olur. Mən də qəlbimdə 8 komandanı saxlaya bilmərəm. Bu, mümkün deyil. Özü də bilirsiz ki, yenicə əməliyyat olunmuşam, yükləmək olmaz (gülür). 

- Mövsümü azarkeşsiz başa vurmaq daha asan idi, yoxsa əksinə? Çünki onlar olduqda bəzən iğtişaşlar da baş verir.
- Yox, azarkeş olduqda yaxşı olur. Çünki stadionda bir az qalmaqal yaradırlar, oyunlar maraqlı keçir. İnanırsız ki, son oyunlarda azarkeşlərdən imtina etmək mənim üçün ağır oldu. Məni də başa düşərlər. Özbaşına deyilik. Əsas insanlarımızın sağlamlığıdır. Deyəcəklər ki, bəs tribunalarda əyləşənlər vardı. Orda oyunu izləyənlər arasında qazilərimiz oturmuşdular. Onlar baş tacımızdırlar. Futbolçuların ailələri gəlmişdilər. Onlara “yox” deyə bilməzdik. Sözsüz ki, istərdik ki, stadion tamamilə dolu olsun. Ancaq nə etmək olar? Gərək bu günki qərarla razılaşaq. İnşallah, əmin-amanlıq olsun, gələn il yaxşı olar. 

- Torpaqlarımızı azad etdik, rayonlarımızı geri qaytardıq. Bu, gələcəkdə çempionatdakı komanda sayına təsir edə bilərmi?
- Bu haqda söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq və ya Elxan müəllimi nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün deyirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli onun stadionu da olacaq. Şuşada stadion olduqdan sonra ətraf rayonlarda da tikiləcək. Ağdamda 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa da, millimizə futbolçu axtarmaq da lazım deyil. 

- AFFA Lisenziyalaşdırma Komitəsi divizion klublarından heç birinə lisenziya verməsə də, son qərar İcraiyyə Komitəsinin iclasında veriləcək. Yeni mövsümdə 10 komandanın iştirak etməsi üçün heç olmasa 1 faiz inam varmı?
- Toplantıya qədər doğurdan da sponsor tapılarsa, mənə elə gəlir ki, nəsə əldə etmək olar. Düzəlməyən nəsə yoxdur. Təki istək olsun. 

- “Neftçi” bu il Çempionlar Liqasında oynayacaq. Sizcə onlar “Qarabağ”ın uğurunu davam etdirə biləcəklərmi?
- Bu il çətin olar. Belə düşünürəm. Sözsüz ki, uğurlar arzulayıram. “Neftçi” hamımızın sevdiyi, uşaqlıqdan azarkeşlik etdiyi komandadır. Çətin olsa da, mübarizə aparmalıdırlar. O da komandanın hazırlığından, yığacağı futbolçulardan asılı olacaq. 

- Premyer Liqanın sponsoru ilə bağlı məsələ nə yerdədir?
- Növbəti mövsümdə söz veriblər ki, olmalıdır. Pandemiya ilə bağlı hələlik söhbətimiz alınmır. Onların da marağı var ki, gəlirlər. Əgər sponsorun qoyduğu tələblərə əməl edə bilmiriksə, o zaman olmaz axı. Tamaşaçılar, reklamlar... O da maraqla gəlir. Bizə kim havayı pul verər ki?