12:55 25-05-2021
news_image
1211
FUTBOL

“Neftçi”yə Çexiyadan rəqib – YALNIZ BİZDƏ

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli yenidən Azərbaycanı tərk edə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paraqvaylı futbolçu Çexiyadan təklif alıb.

30 yaşlı pleymeyker uğrunda “Neftçi” ilə mübarizə aparan komanda Çexiyanın yüksək liqa təmsilçisi “Slovaçko”dur. Mövsümü 4-cü pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə əldə edən “Slovaçko” “Keşlə” ilə Azərbaycan kubokunu qazanan Sezarın keçidində maraqlıdır.

Məlumatı futbolçu özü əməkdaşımızla söhbətində təsdiqləyib. Ancaq Meza Kolli hələlik yekun qərarını vermədiyini söyləyib: “Bəli, maraqlananlar arasında “Slovaçko” da var. Həmçinin başqa variantlar da mövcuddur. Ancaq hələ qərarımı verməmişəm”.

Qeyd edək ki, Sezar Meza Kollinin “Keşlə” ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.