10:32 26-05-2021
news_image
138
FUTBOL

Paraqvay millisində oynamaq istəyir - Sezar Meza Kolli

“Azərbaycan kubokunu qazanmaq məni xoşbəxt edir. Təbii ki, bu, klub üçün də böyük uğurdur. Çünki çempionatda üçüncü yeri tutmağa bərabər nailiyyətdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli ölkəsi Paraqvay mətbuatına açıqlamasında deyib.

30 yaşlı pleymeyker ölkə kubokunda çətin yol keçdiklərini və sonda istəklərinə çatdıqlarını söyləyib: “Bu, asan deyildi. Komanda yoldaşlarıma, prezidentə, klubdakı hər kəsə minnətdaram. Yarımfinalın ilk oyununda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzduq. Cavab görüşündə də geri düşmüşdük və artıq 3 qola ehtiyacımız var idi. Xoşbəxtlikdən həmin matçda işlər mənim üçün çox əla keçdi, komandamı finala daşıyan hər üç topa imza atdım”.

Bir müddət əvvəl Azərbaycan yığması üçün milliləşdirilməsi nəzərdə tutulan Meza Kolli ölkəsinin komandasında oynamaq arzusunu gizlətməyib: “Paraqvay yığması üçün mənimlə heç kim təmas qurmayıb. Həmçinin mən də heç kimlə əlaqə qurmamışam. Azərbaycan çempionatına elə də diqqət göstərilmədiyini başa düşürəm. Amma hələ də ümidimi itirməmişəm. Bunun üçün çalışıram. Hər bir futbolçunun ölkəsinin milli komandasında oynamaq istəməsi məntiqlidir. Ümid edirəm ki, mənim arzum da reallaşar. Amma alınmasa belə, sakit olacağam”.

Futbolçu Paraqvay ənənələrinə sadiq qaldığını sözlərinə əlavə edib: “Burada komanda yoldaşlarımla birlikdə Paraqvayın milli içkisi olan terere içirəm. Onların da çox xoşuna gəlir. Üstəlik, Bakıda havalar da istiləşir”.