00:07 27-05-2021
news_image
131
FUTBOL

"Kuboku qazanmaq istəyirik" - millimizin baş məşqçisi

“Qələbə münasibətilə komandanın bütün üzvlərini – futbolçuları və məşqçi heyətini təbrik edirəm. Bu qələbədə hər birinin özünəməxsus payı var”.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç deyib

Serbiyalı mütəxəssis Valeri Lobanovskinin xatirəsinə həsr olunan turnirin ilk gününün Ukrayna ilə matçı barədə fikirlərini açıqlayıb. Obradoviç 1:0 hesablı qələbədən razı qalıb: “Biz uğur qazanmaq üçün birlikdə çalışırıq. Asan oyun olmadı. Heç də asan qələbə deyildi. Ukrayna milli komandasını öz meydanında məğlub etmək yaxşı nəticədir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu gün rəqibimizin heyətində Ukraynanın U-19 millisi ilə dünya çempionatında iştirak edən bir neçə futbolçu yer almışdı”.

Balkanlı çalışdırıcı qələbənin sirrini də açıqlayıb: “İlk hissədə çox yaxşı oynadıq. Topa ümumi nəzarət bizim tərəfimizdə idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. İlk 20-25 dəqiqədə oyunun nəzarəti tam bizim əlimizdə idi. Həmin müddət ərzində qol vurmağı da bacardıq və bir çox təhlükəli epizod yaratdıq. Hücumda yaxşı oynamaqla yanaşı, müdafiəni də yaddan çıxarmadıq. Bilirdik ki, Ukrayna yığması kəsərli hücumlar qurmağa cəhd edəcək. Çünki bu komanda yaxşı hücum qurmağı bacaran komandadır. Bununla belə, müdafiə xəttində diqqətli oynamağımız rəqibin hücumlarını zərərsizləşdirdi. İkinci hissədə bizim istəyimizlə oyunun ssenarisi bir qədər dəyişdi. Oyun planımızda dəyişiklik etdik. Qeyd etdiyim kimi, hesabda irəlidə olduğumuz üçün Ukrayna millisinin daha çox hücumlar təşkil edəcəyini bilirdik. Belə də oldu, amma oyunun sonundək hesabı qoruyub saxlamağı bacardıq”.

Obradoviç turnirdəki növbəti matç barədə də fikirlərini bölüşüb: “Qələbə bizim üçün hər nə qədər vacib olsa da, demək olar ki, bu gün heyətdə olan bütün futbolçuların xidmətindən yararlandıq. Qarşıda daha bir oyunumuz var. Sabah Özbəkistan millisi ilə qarşılaşacağıq. Bizimlə müqayisədə, Özbəkistan komandası daha gümrah olacaq. Çünki bu gün oyun keçirməyiblər, yalnız oyunöncəsi məşq ediblər. Təbii ki, bütün bu amillər oyun planında müəyyən dəyişiliklər etməyimizə gətirib çıxaracaq. Ukrayna millinə qarşı daha az oynamış futbolçulara şans verəcəyik. Rəqibin gücündən asılı olmayaraq, qarşımızda bir məqsəd var: oyundan oyuna inkişaf etmək istəyirik. Təbii ki, bunu ağıllı oyun sayəsində gerçəklədirmək niyyətindəyik. İki gün ardıcıl oynamaq çətin olsa belə, turniri qələbə ilə başa vurmaq, kuboku qazanmaq istəyirik”.