16:00 27-05-2021
news_image
79
FUTBOL

Penaltilər seriyası: işıq problemi, rekordlar, bitən seriya - maraqlı məqamlar

Avropa Liqasının “Vilyarreal”la “Mançester Yunayted” arasında final oyununun taleyini oyunsonrası 22 penalti həll edib.

Apasport.az saytının məlumatına görə, əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın “lotereya”sında ispaniyalılar 11:10 hesabı ilə qalib gəlib.

“Vilyarreal”ın bu qələbəsinə UEFA da biganə qalmayıb. Qurumun saytı penalti seriyaları barədə maraqlı məqamları açıqlayıb.

İsrailli ideya verdi, FİFA razılaşdı
Penaltilər seriyası barədə qərar FİFA tərəfindən 1970-ci il iyunun 27-də verilib. Bu, İsrail Futbol Assosiasiyasının prezidenti Maykl Almoq tərəfindən verilən təklifin dəyərləndirilməsi olub. İsrailin 1968-ci ilin Olimpiadasında 1/4 finalda püşklə uduzması bu təklifə rəvac verib.

Avrokuboklarda ilk
Avropa klub turnirlərində ilk penalti seriyası 1970-ci il sentyabrın 30-da reallaşıb. Kuboklar kubokunda “Honved” “Aberdin”i 5:4 hesabı ilə üstələyib.

Hərəyə 16 zərbə
UEFA bayrağı altındakı yarışlarda ən uzun penalti seriyası U-21-lərin oyununa təsadüf edib. İngiltərə və Niderlandın görüşündə 32 belə zərbə vurulub. Yekunda “narıncılar” qalib gəlib – 13:12.

Qdanskda təkrar
Avrokuboklarda ən uzun penaltilər seriyasında hər komanda 11 belə zərbə vurub. “Skonto” 1993/94 mövsümündə Sloveniya “Olimıpiya”sını 11:10 hesabı ilə məğlub edib. Bu rekord Polşanın Qdansk şəhərindəki “Vilyarreal” – “Mançester Yunayted” matçında təkrarlanıb.

“Qalatasaray”ın adı olan rekord
“Vilyarreal” – “Mançester Yunayted” matçı ardıcıl dəqiq penalti sayında da diqqət çəkir. Komandalar ümumilikdə 21 qol vurduqdan sonra ingiltərəlilər xətaya yol verib. Amma bu da mütləq rekord deyil. 1996-cı ildə Türkiyə kubokunda “Qalatasaray”la “Gənclərbirliyi” hərəyə 16, yəni ümumilikdə 32 penaltini səhvsiz yerinə yetirib. İstanbul təmsilçisi 17-ci şansını boşa veribsə, ankaralılar dəqiq olaraq 17:16 hesablı qələbə qazanıb.

Sülhlə bitən seriya
Avropanın nüfuzlu turnirlərindəki ən uzun penalti seriyası 1996-cı ildə Fransada olub. Ölkə kubokunun “Oberne” “Vittelshaym” qarşılaşmasında hər komanda 20 penalti vurub. Hesab 15:15 olarkən işıqlandırma zəif olduğundan oyun dayandırılıb. Qaydalara əsasən daha aşağı liqada oynayan “Oberne” mərhələ adlayıb.

Afrikada da rekord var
2004/05 mövsümündə Namibiya kubokunda “Palas” “Kivik”i 17:16 hesabı ilə üstələyib. Bu qarşılaşmada 48 – hər komandaya 24 penalti vurulub. 2016-cı ildə Çexiya çempionatının “Batov” “Fristak” qarşılaşmasında isə hərəyə 26 zərbə yerinə yetirən rəqiblər 21:20 hesablı nəticə ilə meydandan ayrılıb.

2:0
Çempionlar kubokunun 1986-cı ildəki finalında “Styaua” “Barselona”nı penaltilərlə 2:0 yenib. Rumıniyalılar 3 zərbədən ikisində dəqiq olubsa, Helmut Dukadam rəqiblərin 4 penaltisini qaytarıb.