16:39 27-05-2021
news_image
197
FUTBOL

Futbolçular de Byaziyə qarşı çıxdılar? – Türkiyədə

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Canni de Byazinin başçılıq etdiyi kollektiv Türkiyənin qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib.

Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.

Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu.

Oyun öncəsi komandaların heyətində itki yoxdur. Amma narahatlıq, belə demək mümkünsə, problem var. Bu da De Byazi ilə futbolçular arasında yaşanır.

Redaksiyamıza daxil olan məlumata görə, italyan çalışdırıcı komanda üzvlərindən aqressiv olmağı, ikili mübarizələrdən çəkinməməyi tələb edib. De Byazi oyunun yoldaşlıq görüşü mahiyyəti daşımasına baxmayaraq, onlardan nəticə istəyib.

Başqa sözlə, baş məşqçi dünən mətbuat konfransında səsləndirdiyi fikirləri paltardəyişmə otağında da təkrarlayıb: "Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik".

De Byazinin fikirləri kollektiv tərəfindən birmənalı qarşılanmayıb. Hətta onlardan bir neçəsi baş məşqçinin tələbinə qarşı çıxıb, sərt və kobud oyuna üstünlük verməyəcəklərini bildiriblər.

Futbolçular onların AVRO-2020-nin final mərhələsinə hazırlaşdığını xatırladıb, “ay-ulduzlular”a rəqib deyil, qardaş gözüylə baxdıqlarını deyib.

İndi düşərgədə belə bir fikir formalaşıb ki, de Byazini İtaliya yığması daha çox düşündürür. Axı Şenol Günəşin komandası AVRO-2020-nin final mərhələsində apenninlilərlə bir qrupa düşüb və ilk oyun elə onlar arasında keçiriləcək.

De Byazi yaranmış vəziyyət barədə AFFA mənsublarına şikayətlənib. Daha sonra federasiya rəsmiləri baş məşqçidən narazı futbolçularla söhbətləşib və qəti xəbərdarlıq edib: “De Byazi sizə nə tapşırıq veribsə, ona da əməl eləyin”.