13:28 28-05-2021
news_image
128
FUTBOL

“İstədiklərimizin 30 faizini belə edə bilməsək də...” - “Keşlə”də ayrılıq

“Keşlə”nin mətbuat xidmətinin rəhbəri Murad Axundov postundan ayrılıb. 

Apasport.az saytının məlumatına görə, o, bu barədə feysbuk səhifəsində paylaşım edib. 

Axundov bildirib ki, bu, həyatında verdiyi ən ağır qərarlardan biridir: “İki mövsüm çalışdığım “Keşlə” Futbol Klubundan, təəssüf ki, ayrılıram. 2019-cu ildən birlikdə keçirdiyimiz hər günə görə, başda Zaur müəllim olmaqla, klubun bütün işçilərinə təşəkkürümü bildirirəm. Çalışdığım bütün baş məşqçilərə - Tərlan Əhmədova, Yunis Hüseynova, Sənan Qurbanova, futbolçulara, məşqçilərə, inzibati heyətə, Eldəniz Yusubova, Ceyhun Sultanova, Səbuhi Məmmədova, Salman Həsənova və digərlərinə minnətdaram. Klubun bir üzvü olduğum üçün hər zaman fəxr etmişəm, bundan sonra da belə olacaq”. 

Onun sözlərinə görə, artıq missiyasını başa vurub: “İnanıram ki, məndən sonra bu vəzifəyə gələn şəxs mətbuatla əlaqələri daha da yüksək səviyyəyə çatdıracaq, komandamız isə hər mövsüm mükafatlar uğrunda mübarizə aparacaq. Mənim isə missiyam bitdi. İstədiklərimizin heç 30 faizini belə edə bilməsək də, əminəm ki, yaxın vaxtlarda hər şey qaydasına düşəcək və bütün planlar reallaşacaq. Ambisiyalı klub daim uğur qazanmağa məhkumdur! 
Bu iki ildə 2 medal, heç nə ilə əvəz olunmayacaq emosiyalar, çoxlu dəyərli dostlar qazandım və artıq çəkidən başqa heç nə itirmədim. Hər şeyə görə təşəkkürlər, “Keşlə”!”.