15:16 29-05-2021
news_image
125
FUTBOL

Finalda oynayan ingilislər – Çempionlar Liqası tarixində

Avrokubokların son mövsümlərində İngiltərə klublarının hegemonluğu diqqət çəkir.

Apasport.az saytının məlumatına görə, təsadüfi deyil ki, bu gün Çempionlar Liqasının (ÇL) final matçında bu ölkənin iki nümayəndəsi – “Mançester Siti” ilə “Çelsi” üz-üzə gələcək.

Bununla “Mançester Siti” final üzü görən 9-cu ingilis klubu olub. Bu yazıda məhz İngiltərənin turnirdəki uğurlu təmsilçilərini xatırlayacağıq.

1. “Mançester Yunayted”
“Mançester Yunayted” Çempionlar Liqasını qazanan ilk İngiltərə klubudur. “Qırmızı şeytanlar”ın 1968-ci ildəki zəfərinə qədər ingilislər UEFA-nın bu turniri onlara qarşı qurduğunu düşünürdü. Çünki 1956-dan həmin ana qədər bu ölkənin heç bir təmsilçisi finala çıxa bilməmişdi. 1968, 1999 və 2008-ci ildə keçirdiyi 3 final matçında qalib gələn “Mançester Yunayted” 2009 və 2011-ci illərdə həlledici qarşılaşmada uduzub.

2. “Lids”
“Lids” turnirdə final görən ikinci İngiltərə komandasıdır. 1975-ci ilə təsadüf edən uğurun davamını gətirmək mümkün olmayıb. “Lids” həlledici oyunda “Bavariya”ya 0:2 hesabı ilə yenilib.

3. “Liverpul”
Çempionlar Liqası tarixinin ən uğurlu İngiltərə klubu olan “Liverpul”un muzeyində 6 ÇL kuboku mövcuddur. 1977-ci ildəki ilk qalibiyyətdən sonra 5 mövsümdə 3 dəfə bunu təkrarlayan “qırmızılar” son elə titulunu 2019-cu ildə qazanıb.

4. “Nottingem Forest”
“Nottingem Forest” 1970-ci illərdə formalaşdırdığı güclü heyətin bəhrəsini 1978-ci ildəki ölkə çempionluğu ilə gördü. Bir mövsüm sonra da Çempionlar Kubokunu qazanan komanda bu uğuru ardıcıl 2 mövsüm reallaşdıra bildi.

5. “Aston Villa”
1970-ci illərin ortalarında İngiltərə futbolu yüksəlişə nail oldu. 1975-1985-ci illər aralığında bu ölkənin klubları 9 dəfə qitənin ən nüfuzlu turnirində final oynadı. 1982-ci ildə “Aston Villa” tarixinin ilk və son finalında “Bavariya”nı üstələdi.

6. “Arsenal”
Arsen Venger dönəmində Çempionlar Liqasının ən təhlükəli kollektivlərindən sayılan “Arsenal” tarixində ilk finalı 2006-cı ildə gördü. Fransada baş tutan qarşılaşmada “topçular” “Barselona”ya 1:2 hesabı ilə məğlub oldu.

7. “Çelsi”
Roman Abramoviçin maliyyə yatırımı sayəsində nəhəng kluba çevrilən “Çelsi” Çempionlar Liqasında da müntəzəm yer almağa başladı. London təmsilçisi 2008-ci ildəki ilk finalında “Mançester Yunayted”ə uduzdu. Ancaq komanda 2012-ci ildə turnirin aşkar favoriti olan “Bavariya”nı finalda məğlub edərək, kuboku ilk dəfə muzeyinə apardı.

8. “Tottenhem”
Siyahda yer alan klubların hamısı güclü maliyyə yatırımı sayəsində ÇL-də finala qədər irəliləməyi bacarıb. Ancaq “Tottenhem” o qədər də güclü olmayan heyəti ilə buna nail oldu. Mauritsio Poçettinonun stabillik yaratdığı komanda 2019-cu ilin finalında “Liverpul”a boyun əydi.

9. “Mançester Siti”
Bu mövsüm yarımfinalda PSJ-yə qalib gələn “Mançester Siti” illərdir arzuladığı final matçına bu gün çıxacaq.