11:05 01-06-2021
news_image
118
FUTBOL

“Missiyamı hələ başa vurmamışam” - Alesio da Silva

“Müqavilənin daha bir il müddətinə uzadılmasından şad oldum. Həm futzal federasiyasının rəhbərliyinə, həm də AFFA İcraiyyə Komitəsinin üzvlərinə etimada görə təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Postunda saxlanılan braziliyalı mütəxəssis Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb. Hazırda vətənində istirahət edən çalışdırıcı Azərbaycan millisində işləməyin onun üçün xoş olduğunu söyləyib: “Missiyamı hələ başa vurmamışam. Görüləsi çox işimiz var. Pandemiya ilə əlaqədar zalların fəaliyyətinə icazə verilmədiyinə görə, ölkə çempionatı keçirilmədi. Buna rəğmən, milli komanda ilə uğur qazandıq, növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdik. Əlbəttə, bizi qarşıda daha çətin sınaq gözləyir. Yanvarda başlayacaq bu yarışa yaxşı hazırlaşmalıyıq. Mümkün qədər yoldaşlıq oyunları keçirməli, daxili çempionatı bərpa etməli, gücləndirməliyik”.

Da Silva gələcək planlarla bağlı federasiya prezidenti ilə söhbət edəcəyini söyləyib. O, hər şeydən öncə insan sağlamlığının gəldiyini deyib: “Təbii ki, insan sağlamlığı ön planda gəlir. Ümid edirəm ki, bəşəriyyət bu bəladan tezliklə qurtulacaq”.