12:37 02-06-2021
news_image
193
FUTBOL

“200”ə aparan möcüzə - millimiz gözləyir

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.

Minskdəki qarşılaşma komandamızın tarixində 268-ci sınaq olacaq. 
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 267 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan yığma 144 dəfə uduzub. Əvvəlki 267 qarşılaşmada 197 qol vuran futbolçularımız 443 top buraxıb.

Millimiz Belarusda üç qol vursa, tarixinin yubiley – 200-cü topuna imza atacaq. Düzdür, hətta bir qolu belə çətinliklə vuran yığmamızın iki topa imza atması da çox müşkül hesab edilir. Üç qol isə ümumiyyətlə nadir hadisədir. Lakin rəqibin enişdə olması və nəsildəyişmə prosesi yaşaması 200-cü qolu gözləməyə ümid verir. Əks halda isə bunun üçün növbəti sınağı – Moldova ilə qarşılaşmanı gözləməliyik. 

Yığmamızın səfərdəki görüşü 128-ci yoldaşlıq oyunu olacaq. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 127 matçda komandamız 34 qələbə qazanıb, 43 heç-heçə edib və 50 dəfə uduzub. Rəqib qapısından 117 top keçirən futbolçularımız 161-ni buraxıb.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 12-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 11 matçda komandanın hesabında 1 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 5 dəfə fərqlənibsə, rəqiblər 11 qola sevinib. 

Onun rəhbərliyi altında keçirilən 2 yoxlama xarakterli görüşlərdə bir heç-heçə və iki məğlubiyyət qeydə alınıb. Sloveniya ilə qolsuz heç-heçə edən milli Qətərə və Türkiyəyə eyni - 1:2 hesabı ilə uduzub.

De Byazinin yetirmələri meydana uğursuz seriyaları qırmaq üçün çıxacaq. Yığmamız ötən il sentyabrın 8-də səfərdə Kipri 1:0 hesabı ilə məğlub edəndən sonra 9 matçdır qələbəyə həsrətdir. Bu müddətdə 4 heç-heçə və 5 məğlubiyyət alan yığma seriyanın 10-a çatmaması üçün səfərdən qalib ayrılmalıdır.

Milli bu seriya dövründəki bütün məğlubiyyətləri ardıcıl alıb. 2021-ci ildə bütün qarşılaşmalarda uduzan yığma 5-ci oyununa çıxacaq. Bunadək yığma Portuqaliyaya 0:1, Qətər, Serbiya və Türkiyəyə eyni – 1:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, bugünkü Belarus - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.