10:10 06-06-2021
news_image
215
FUTBOL

Mövsümün gedişində baş məşqçi təyin olunub, uğur qazananlar – Çempionlar Liqasında

“Çelsi” ən böyük uğurlarını mövsümün gedişində təyin etdiyi baş məşqçilərlə qazanıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Çempionlar Liqasında (ÇL) hər iki zəfərə məhz bu sayədə nail olub.

Ancaq keçmişdə analoji addıma sevinən başqa klublar da olub. Bu yazıda məhz mövsümün gedişində baş məşqçi dəyişərək Çempionlar Liqasını qazanan klublara nəzər yetirəcəyik.

Migel Munyoz (“Real”) - 1959/60 mövsümü
Munyoz “Real” tarixinin ən uğurlu baş məşqçisidir. Kluba 14 kubok qazandıran mütəxəssis “kral klubu”nda ən uzun müddət çalışan baş məşqçidir. 1960-cı il aprelin 13-də bu posta təyin olunan Munyozun komandası iki gün sonra Çempionlar Kubokunun yarımfinalında “Barselona”nı 3:1 hesabı ilə məğlub edib, finalda isə “Ayntraxt”ın qapısından 7 top keçirib.

Dettmar Kramer (“Bavariya”) – 1974/75
Kramer 1975-ci il yanvarın 16-da bu vəzifəyə gətirilib. Zəif xarakterinə görə tənqid obyektivə çevrilsə də, qısa müddətdə futbolçularla əla münasibət qurub. Qovulması gözlənilən bir vaxtda Frans Bekkenbauerin liderlik etdiyi futbolçular onun saxlanılmasına nail olub. Nəticədə Kramerin kollektivi mövsümün sonunda Çempionlar Kubokunu qazanıb və növbəti mövsüm də bu uğuru təkrarlayıb.

Toni Barton (“Aston Villa”) – 1981/82
“Aston Villa” 1980/81 mövsümündə 71 illik həsrətə son qoyaraq İngiltərə çempionu olub. Barton həmin vaxt Ron Sondersin köməkçisi idi. Ancaq 1982-ci ilin fevralında Sondersin istefasından sonra Barton onu əvəzləyib. Komandanı da tarixinin yeganə Çempionlar Kuboku zəfərinə daşıyıb. Onun baş məşqçilik karyerası cəmi 3 il çəkib.

Visente del Boske (“Real”) – 1999/2000
16 mövsüm “Real”ın formasını geyinən del Boske “kral klubu”nun baş məşqçi sarıdan problem yaşadığı dövrdə müraciət etdiyi mütəxəssis olub. O, 1999-cu ilin noyabrında Con Toşakın gedişindən sonra üçüncü dəfə müvəqqəti posta gətirilib. Yekunda isə komanda 1999/2000 mövsümündə Çempionlar Liqasını qazanıb. Bu uğurun ardından isə del Boske daha 3 mövsüm “kral klubu”nda qalıb.

Roberto Di Matteo (“Çelsi”) – 2011/12
“Çelsi”yə ÇL-dəki ilk nailiyyəti 2012-ci il martın 29-da baş məşqçi təyin olunan Roberto Di Matteo qazandırıb. İtaliyalı mütəxəssis mövsümün sonuna qədər müvəqqəti gətirilmişdi. Lakin Çempionlar Liqasını və İngiltərə Kubokunu qazanması müqavilə müddətinin yenilənməsinə səbəb olub. Ancaq növbəti mövsümdəki uğursuzluqlar ayrılığa yol açıb.

Zinəddin Zidan (“Real”) – 2015/16
Futbolçu karyerasını “Real”da bitirən, daha sonra klubda müxtəlif vəzifələrdə çalışan Zidan 4 yanvar 2016-cı il tarixində Rafael Benitesin yerinə keçib. La Liqa ilə bağlı heç bir ümidi qalmayan “kral klubu” məhz onun gəlişindən sonra çempionluq ümidini son tura qədər saxlayıb. Çempionlar Liqasında isə komandaya kuboku qazandırıb. Bu nailiyyətin ardından postunda saxlanılan fransalı ardıcıl 3 dəfə madridlilərə ÇL zəfəri bəxş edib.

Hans-Diter Flik (“Bavariya”) – 2019/2020
Bundesliqa çempionluğu “Bavariya” üçün o qədər də çətin deyil. 2018/19 mövsümündə bunu bacaran münhenlilər üçün növbəti mövsüm heç də belə keçmirdi. 2019-cu il dekabrın 22-də futbolçuların istəyi ilə xorvatiyalı mütəxəssis yola salınıb, Hans-Diter Flik müvəqqəti baş məşqçi təyin olunub. Məhz ondan sonra inanılmaz yüksəlişə nail olan “Bavariya” həm Bundesliqanı, həm də ÇL-i məğlub olmadan zirvədə tamamlayıb.

Tomas Tuxel (“Çelsi”) - 2020/21
“Çelsi”nin əfsanəvi futbolçusu Frenk Lempardın baş məşqçi kimi uğursuzluğunun ardından rəhbərlik onu Tuxellə əvəzləmək qərarına gəlib. Almaniyalı mütəxəssis bu il yanvarın 26-da baş məşqçi kimi açıqlanıb. Premyer Liqada orta sıralarda yer alan “zadəganlar”ı üçüncü pilləyə daşımaqla yanaşı, Çempionlar Liqasının da qalibi edib.