16:57 02-06-2021
news_image
249
DİGƏR NÖVLƏR

Supermarketdən sual verdi – akkreditasiyası əlindən alındı

Tennis üzrə “Böyük dəbilqə” seriyasından olan Fransa açıq çempionatında növbəti xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə də qalmaqala mətbuat konfransı səbəb olub.

Bunun səbəbkarı jurnalist Conatan Pinfild olub. O, almaniyalı tennisçi Aleksandr Zverevin onlayn formatda keçirilən mətbuat konfransında “fərqlənib”.

Sual vermək növbəsi Pinfildə çatanda onun həmin anda supermarketdə olduğu aydınlaşıb. Conatan vaxtı səhv saldığı üçün supermarketdə olduğundan üzr istəyib, ardınca Zverevə verdiyi sualda ona nə ala biləcəyini soruşub. Tennisçi bu zarafatyana suala gülüşlə cavab verib.

“Rolan Qarros”un təşkilatçıları jurnalistin bu hərəkətini qeyri-peşəkar hesab edib. Bu üzdən Pinfild yarış üçün akkreditasiyadan məhrum olunub. Sonradan o, sosial şəbəkə vasitəsilə Aleksandr, Fransa Tennis Federasiyası, təşkilatçılar, ailəsi, dostları, həmkarları və azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, bunadək yaponiyalı Naomi Osaka qalmaqalın mərkəzinə düşüb. Mətbuat konfranslarında daim eyni suallar aldığından bu tədbirlərə qatılmaqdan istəməyən idmançı 15 min dollar cərimə olunub. Təzyiqlərə də məruz qalan asiyalı yekunda turnirə qatılmaqdan da imtina edib.