22:29 02-06-2021
news_image
413
FUTBOL

“Müdafiədəki horizontal ötürmələr məni əsəbiləşdirir” - Canni de Byazi

“Ağır oyun oldu. Əziyyətli qələbə idi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Belarusla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

İtaliyalı mütəxəssis Minskdə baş tutan və komandamızın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ardından təəssüratlarını bölüşüb: “Oyunun böyük hissəsini biz idarə etdik və çoxlu qol imkanlarımız var idi. Oyunu xilas edə bildik. Nəticədən razı qaldım, amma qol buraxdığımız epizodda ciddi səhv buraxdıq. Müdafiədəki horizontal ötürmələr məni əsəbiləşdirir. Çalışıb konkret olmalıyıq. Cəmi 3 zərbəmiz çərçivəyə düşdü”.

- Bədavi Hüseynov milli karyerasında ilk qolunu vurdu. Həmçinin yığmada debüt edənlər oldu. Onların oyununu necə dəyərləndirərdiniz?
- Üç gün əvvəl Bədaviyə demişdim ki, qol vurmağın vaxtı gəlib. Bu gün fərqlənməsi sevindirici haldır. Həyatda hər şeyə inanmalısan. Belə etsən, hər şey mümkün ola bilər. Bədavinin yaxşı keyfiyyətləri var. Xüsusən də, standart vəziyyətlərdə fərqlənə bilir. O ki qaldı debütantlara Toral Bayramov və Rüstəm Əhmədzadə yaxşı təsir bağışladı, onlardan razı qaldım. Onlar bizim gələcəyimizdir. Bu gün meydana sonradan daxil olan 6 oyunçudan da razı qaldım.