12:48 03-06-2021
news_image
639
DİGƏR NÖVLƏR

Azərbaycan Qran-prisi start götürür - AFİŞA

Sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Apasport.az saytının məlumatına görə, paytaxtımızda beşinci dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 6-cı sınağında saat 12:30-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər. İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər.

İyunun 5-i və 6-sı “Formula-1” Azərbaycan Qran-prisi üçün əsas günlərdir. Şənbə günü “Formula-2”də sprint yarışları, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.

İyunun 6-da “Formula-2”də yekun yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə baş tutmayan yarışda əvvəlki illərlə müqayisədə bu dəfə şou və əyləncə proqramları heç bir gündə təşkil olunmayacaq.

Bu mərhələyə də əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Red Bull"un heyətində Serxio Peres, Maks Ferstappen, "Ferrari"nin heyətində Şarl Lekler, Karlos Sayns, “Alfa Romeo”nun heyətində Kimi Raykkonen, Antonio Covinatsi, “Alfa Tauri-Honda”nın heyətində Pyerr Qasli, Yuki Tsunoda, "Uilyams"ın heyətində Nikolas Latifi, Corc Rassel, "MakLaren"in heyətində Daniel Rikkardo, Lando Norris, "Haas"ın heyətində Nikita Mazepin, Mik Şumaxer, “Aston Martin”in heyətində Sebastyan Fettel, Lens Stroll, "Alpin-Reno"nun heyətində Fernando Alonso və Esteban Okon sürətini yoxlayacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 28-də Bəhreyndə start götürən mövsümdə 5 mərhələdən sonra pilotların mübarizəsində 105 xalla “Red Bull”dan Maks Ferstappen liderdir. Onu “Mercedes”in pilotu Luis Hamilton (101 xal) və "MakLaren"in təmsilçisi Lando Norris (56) izləyir. 
Komanda hesabında isə “Red Bull” 149 xalla birincidir. "Mercedes" 148 xalla ikinci, "MakLaren" 80 xalla üçüncüdür.

Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 6 iyun
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km
 
Azərbaycan Qran-prisinin proqramı
4 iyun
“Formula-2”

Saat. 10:25-11:10 - Sərbəst yürüş

“Formula-1”
Saat. 12:30-13:30 - Birinci sərbəst yürüş

“Formula-2”
Saat. 14:30-15:00 – Sıralama yarışı

“Formula-1”
Saat. 16:00-17:00 - İkinci sərbəst yürüş

5 iyun
“Formula-2”

Saat. 11:25-12:15 – Sprint yarışı

“Formula-1”
Saat. 13:00-14:00 - Üçüncü sərbəst yürüş

“Formula-1”
Saat. 16:00-17:00 - Sıralama turu

“Formula-2”
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun

“Formula-2”
Saat. 12:45-13:50 - Yarış

“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Azərbaycan Qran-prisi