00:01 04-06-2021
news_image
106
FUTBOL

Ronaldonun hədəfi - AVRO-2020-yə doğru

AVRO-2020-nin startına 8 gün qalıb.

Apasport.az saytının məlumatına görə, Avropanın 11 şəhəri, o cümlədən Bakıda keçiriləcək turnir Kriştiano Ronaldonun rekordlar çələngi ilə əlamətdar ola bilər.

Portuqaliya millisinin ulduzu bir sıra rekordlara öz damğasını vura, sahibi olduğu bəzi rekordları isə yeniləmək imkanına malikdir. UEFA da Ronaldonun hədəfində olduğu rekordların siyahısını tərtib edib.

Əlvida, şəriklər
İndiyədək 17 futbolçu 4 final mərhələsində meydana çıxıb. Ronaldo onlardan biridir. AVRO-2020-də iştirak sayəsində şəriklərini geridə qoyacaq hücumçu mütləq rekord vuracaq.

Bir qol yetər
Final mərhələsində ən çox qol vuran iki oyunçudan biri Ronaldodur. Hesabında 9 qol vuran portuqaliyalı bir dəfə fərqlənsə, Mişel Platinini geridə qoyacaq.

Buffon, gözlə gəlirəm
Ronaldo seçmə və final mərhələlərində ümumilikdə 56 oyun keçirib. Bu göstəricidə ikinci olan ulduz yalnız Canluici Buffondan geri qalır. 58 matç keçirən italiyalını keçməsi üçün Kriştianoya təkcə qrup mərhələsinin bütün qarşılaşmalarında oynaması kifayətdir.

Het-trik arzusu
Final mərhələlərində yalnız 7 futbolçu het-trikə imza atıb. Milli karyerası ərzində 9 matçda üç və ya daha çox qol vuran Ronaldo bu siyahıda yoxdur. Əgər bunu reallaşdırsa, rekordçulara qoşulacaq.

Finalda qol vursa
Ronaldo final matçında da qol vura bilər. Əgər Portuqaliya həlledici matça çıxsa və hücumçu fərqlənsə, finalda qol vuran ən yaşlı oyunçu olacaq. İyulun 11-dəki final günündə onun 36 yaş 156 günlüyündə bunu bacaracaq.

Kasilyasın təkrarolunmaz rekordunun dalınca
İker Kasilyas kapitan kimi 2 çempionluq yaşayan yeganə futbolçudur. O, buna 2008 və 2012-də imza atıb. AVRO-2016-nın qalibi olan Ronaldo çempion olsa, təkrarolunmaz hesab edilən bu rekordu da təkrarlayacaq.

Özü-özünə rəqib
Final mərhələlərindəki oyun (21), seçmə və final mərhələlərində ümumilikdə qol (40), qol vurduğu final turnirlərinin sayı (4) kimi rekordların müəllifi isə elə Kriştianodur. Ö, özünün rekordlarını yeniləmək arzusundadır.

3 il də dözsə...
Ronaldonun bu il qıra bilməyəcəyi rekordlar da var. Bunun üçün portuqaliyalı AVRO-2024-ü gözləməlidir. O, növbəti çempionatda ən yaşlı iştirakçı, ən yaşlı qol müəllifi, ən yaşlı finalçı və ən yaşlı qalib adlarını qazana bilər.