12:24 13-06-2021
news_image
277
FUTBOL

30 yaşdan sonra ulduz olanlar – ADLAR

Yaxın keçmişdə 30 yaşına çatan futbolçular artıq yaşlı hesab olunurdu.

Apasport.az saytının məlumatına görə, müasir dövrdə də klublar daha çox gənc oyunçular axtarışında olurlar.

Ancaq bəzi futbolçular var ki, məhz 30 yaşdan sonra populyarlaşıb, əvəzedilməz simaya çevrilib. Onların hətta əsl karyeralarını məhz 30 yaşdan sonra başladıqlarını da demək olar. Bu yazıda məhz belə futbolçulara nəzər yetirəcəyik.

Fabio Kvalyarella
Kvalyarella AVRO-2008, DÇ-2010 və Konfederasiyalar Kuboku-2009-da iştirak edən heyətdə yer alıb. Ancaq daha çox ehtiyat qüvvə olub və ortabab klublarda çıxış edib. 2018/19 mövsümündə A seriyasında 26 qolla bombardir olmaqla ulduzu parlayıb. 38 yaşlı forvard ötən mövsüm də “Sampdoriya”nın forması altında 13 dəfə fərqlənib.

Erik Maksim Çupo-Motinq
“Hamburq”, “Nürnberq”, “Mayns”, “Şalke”, “Stok Siti” hazırda sıradan bir komanda sayılır. Çupo-Motinq 29 yaşına qədər bu klublarda var-gəl edib. Kamerunlu forvard 2018-ci ilin yayında sürpriz şəkildə PSJ ilə müqavilə bağlayıb. Hazırda “Bavariya”nın şərəfini qoruyan 32 yaşlı oyunçu bu günlərdə münhenlilərlə yeni müqavilə imzalayıb.

Klaudio Bravo
Bravo 2016-cı ildə “Real Sosyedad”a keçib. İlk mövsümündə komandası La Liqanı tərk edib. Hətta La Liqa-2-də də ehtiyat qolkiper idi, heç bir matçda iştirak etməyib. Lakin sonrakı iki mövsümdə çərçivəni ələ keçirib və “Real Sosyedad”ın elitaya qayıtmasında vacib rol oynayıb. 31 yaşında “Barselona”ya, ondan iki il sonra isə “Mançester Siti”yə transfer edilib. 38 yaşlı qolkiperin bu iki keçidi üçün klublar 30 milyon avro xərc çəkiblər.

Ceymi Vardi
Həyatı film qədər maraqlı olan Vardi fabrik işçisindən Premyer Liqa bombardirinə qədər yüksəlməyi bacarıb. 28 yaşında elitada çıxış etməyə başlayan forvard ilk mövsümündə 5 dəfə fərqlənib. İkinci mövsümündə 24 qol vuraraq “Lester”in yeganə çempionluğunun memarı olub. Bu uğura nail olanda artıq 29 yaşı keçmişdi. Vardi məhz həmin dönəmdə dünya ulduzuna çevrilib, AVRO-2016 və DÇ-2018-də millinin heyətində yer alıb. 34 yaşlı forvard hazırda karyerasını “Lester”də davam etdirir.

Antonio di Natale
Di Natale A seriyasında ilk oyununa çıxanda 25, İtaliya millisində müntəzəm oynamağa başlayanda isə 30 yaşda idi. “Udineze”nin heyətində A seriyasında ardıcıl iki dəfə mövsümün bombardiri olub. Karyerası ərzində heç vaxt böyük klubda çıxış etməyib və ulduz futbolçu ünvanını 30 yaşdan sonra alıb. 2016-cı ildə isə karyerasını başa vurub.

Edvin van der Sar
Əslində van der Sar daha əvvəldən tanınırdı. Lakin məhz 30 yaşdan sonra daha populyar olmağa başlayıb. “Yuventus”a keçid ona yaramasa da, “Ayaks”ın güclü heyətinin əsas qapıçısı olub və 31 yaşında “Fulhem”in yolunu tutub. “Mançester Yunayted”ə keçəndə, nə az, nə çox, düz 35 yaşı var idi. “Qırmızı şeytanlar”ın isə çərçivəsini 6 il yüksək səviyyədə qoruyub.

Burak Yılmaz
Burak Yılmaz dünya səviyyəli qolçu olduğunu göstərmək üçün 35 yaşa qədər gözləməli olub. Yaşı çox olsa da, Fransaya köçmə riskinə gedib və “Lill”in Liqa1 çempionluğunda baş rolu oynayıb. Hər halda bu yaşda “Top-5” liqaların birində 16 qol vurmaq asan iş deyil.