12:15 06-06-2021
news_image
149
FUTBOL

136-cı səfər – bu dəfə Moldovaya

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Moldova ilə üz-üzə gələcək.

Kişinyovdakı qarşılaşma komandamızın tarixində 269-cu sınaq olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 268 matça çıxıb. 

Hesabında 51 qələbə və 73 heç-heçə olan yığma 144 dəfə uduzub. Əvvəlki 268 qarşılaşmada 199 qol vuran futbolçularımız 444 top buraxıb.

Yığmamızın səfərdəki görüşü 129-cu yoldaşlıq oyunu olacaq. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 128 matçda komandamız 35 qələbə qazanıb, 43 heç-heçə edib və 50 dəfə uduzub. Rəqib qapısından 119 top keçirən futbolçularımız 162-ni buraxıb.

Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 13-cü sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 12 matçda komandanın hesabında 2 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 7 dəfə fərqlənibsə, rəqiblər 12 qola sevinib. 

Onun rəhbərliyi altında keçirilən 4 yoxlama xarakterli görüşdə bir qələbə, bir heç-heçə və iki məğlubiyyət qeydə alınıb. Sloveniya ilə qolsuz heç-heçə edən milli Qətərə və Türkiyəyə eyni - 1:2 hesabı ilə uduzub. Belarus üzərində qələbə də eyni hesabla qeydə alınıb.

De Byazinin yetirmələri bu il 6-cı matçına çıxacaq. 1 qələbə və 4 məğlubiyyəti olan yığma 5 qol vurub və 8-ni buraxıb. Bunadək yığma Portuqaliyaya 0:1, Qətər, Serbiya və Türkiyəyə eyni – 1:2 hesabı ilə uduzubsa, Belarusda qalib gəlib – 2:1.

Moldova sınağı millinin tarixində 136-cı səfər matçıdır. Rəqib meydanlarında 16 qələbə və 28 heç-heçəsi olan komandamız 91 dəfə uduzub. Bu görüşlərdə 80 qola sevinən futbolçularımız 289 top buraxıb.

Qeyd edək ki, Moldova - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.