10:00 07-06-2021
news_image
549
FUTBOL

Bundan acınacaqlısı olmayıb – yığma bu günə də düşdü

Azərbaycan milli komandası tarixinin ən acınacaqlı məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri dünyanın 177-ci komandasına uduzub.

Yığma FİFA reytinqində 177-ci olan Moldovaya Kişinyovdakı qarşılaşmada 0:1 hesabı ilə uduzub. İlk matçını 1992-ci ildə keçirən Azərbaycan futbolçuları tarixi boyu heç vaxt belə zəif rəqibə uduzmayıb.

Rəqiblərin FİFA reytinqindəki gücünə nəzər salsaq, bu, komandanın ən acınacaqlı yenilgisidr.

Kişinyovdakı fiaskoyadək millimiz yalnız iki dəfə 4-cü “əlliliy”in komandalarına uduzub. Söhbət 151-ci və daha aşağı pillələrdəki rəqiblərə məğlubiyyətlərdən gedir.

Moldovaya qədər ən acınacaqlı yenilgi Vadutsda baş verib. Millimiz 1998-ci il oktyabrın 14-də Lixtenşteynə AVRO-2000-nin seçmə matçında məğlub olub. 1:2 hesabı ilə yenildiyimiz vaxt rəqib FİFA-da 165-ci komanda idi.

Lakin Moldova Lixtenşteyndən də zəif - 12 pillə aşağıda olan rəqibdir.

Yığmamızın daha bir biabırçılığı isə Dubayda olub. 9 il öncə dünyanın 162-cisi olan Fələstin də millimizi udub – 2:0.

Düzdür, Moldova ilə qarşılaşma yoldaşlıq oyunu idi. Lakin yoldaşlıq oyunu belə əhəmiyyətsizdirsə, Belarus üzərində eyni statuslu matç üçün böyük məbləğdə mükafatlar niyə verilirdi? Hər halda, hər oyunçuya 20 min manata yaxın mükafat verildiyi barədə iddialar yayılıb. Üstəlik, nəzərə almaq lazımdır ki, dünyanın müxtəlif ölkələrindən tapılan azərbaycanlılar və ya ad-soyadı oxşayanlardan ibarət yığmamızdan fərqli planetin 177-cisi əsasən öz yetirmələrindən qurulub.