11:48 07-06-2021
news_image
384
FUTBOL

Kamal Quliyev: “Yığmanın futbolçuları “yola ver getsin” düşüncəsində idilər” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Keşlə” klubunda məşqçi kimi fəaliyyət göstərən Kamal Quliyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi başa çatan təlim-məşq toplanışında 3 yoldaşlıq görüşü keçirdi. Türkiyə (1:2), Belarus (2:1) və Moldova (0:1) ilə matçlar sizdə hansı təəssüratları yaratdı?
- Yoldaşlıq görüşləri istər bizim milli, istərsə də rəqib baxımından bir az aldadıcı olur. Əsas heyətin bir çox oyunçuları toplanışa cəlb olunmur, baş məşqçilər daha çox namizədləri yoxlayırlar. Bu səbəbdən milli ilə bağlı nəsə demək çətindir. Üstəlik, çempionatlar yeni bitib, futbolçular istirahət ab-havasındadırlar. Əsas qiyməti seçmə mərhələ oyunlarında vermək olar. Çünki həmin vaxt yanaşma daha ciddi olacaq.

- Türkiyəyə qarşı göstərilən mübariz futbolu Belarus və Moldova ilə görüşlərdə görmədik. Sizcə, bu nədən qaynaqlanır?
- Güclü komandaya qarşı motivasiya istər-istəməz daha yaxşı olur. Futbolçular belə rəqiblərlə görüşlərə daha ciddi hazırlaşırlar. Həm də, oyunçularımız özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar ki, Super Liqa və birinci liqa klublarının diqqətini cəlb edə bilsinlər. Bu, gözlənilən idi. Təbii ki, Moldova və Belarus yığmaları Türkiyə səviyyəsində deyil. Bu üzdən həmin iki qarşılaşmada motivasiya yox idi. Bu iki görüşdə futbolçularımız “yola ver getsin, gedək istirahətimizi edək. Bezdik axı, biz də insanıq” düşüncəsində idilər.

- Siz özünüz də millidə çıxış etmisiniz. Rəqibin kimliyindən asılı olmayaraq, o formanı geyinmək özü bir motivasiya olmalı deyilmi?
- Əlbəttə, sizinlə tam razıyam. Amma düşüncələr, futbolçuların xarakteri fərqlidir. Keçmişdə kim necə düşünüb, indikilər hansı fikirdədir, gələcəkdə nə cür olacaq? Bunları eyniləşdirmək olmaz.

- Bəlkə “yola vermək”, can qoymamaq milliləşdirilmiş futbolçuların çoxluğu ilə əlaqədardır?
- Məni tanıyanlar yaxşı bilirlər ki, həmişə milliləşmənin əleyhinə olmuşam. Özümüz yetişdirib oynatmasaq, qalan hamısı boş şeydir.

- Moldova ilə dünənki qarşılaşmanın start heyətində 7 milliləşdirilmiş oyunçu var idi. Azərbaycanda, həqiqətən də, futbolçu yoxdur?
- Azərbaycanda futbolçu kifayət qədər var. Sadəcə, onları üzə çıxarmaq, istedadlıları tapıb, potensiallarını açmaq lazımdır. Bir sözlə, əziyyət çəkmək lazımdır.

- Hadisələrin gedişi həmin əziyyətdən qaçdığımızı göstərmir?
- Əlbəttə, biz həmişə rahat iş axtarırıq, əziyyətli işdən qaçırıq.

- Demirəm ki, milliləşdirilmiş oyunçuların hamısı aşağı səviyyəlidir. Amma biz nə vaxta qədər ordan-burdan yığmaya futbolçu cəlb edəcəyik?
- Bilirsiz, öz futbolçun səni başa düşəcək, patriotluq xatirinə və ya başqa hansısa səbəbdən “döyüşəcək”. Amma milliləşmiş oyunçu özünü qoruyacaq. Tarix boyu belə olub.

Ruslan Sadıqov